AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİ ELAN EDİLMIŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK-nın sədri Azərbaycan Respublikası prezidenti seçkilərinin elan edilməsi haqqında məsələ ilə bağlı məlumat vermişdir. O bildirmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkilər səsvermə gününə azı 75 gün qalmış elan edilməli olsa da, MSK üzvləri yekdil rəyə gəlmişlər ki, prezident seçkiləri bu gün elan edilsin.
Mərkəzi Seçki Komissiyası bu günə qədər prezident seçkilərinə hazırlıqla bağlı xeyli iş görmüşdür. Seçicilərin siyahıları tərtib edilmiş və dəqiqləşdirilmiş, dairə seçki komssiyalarında katibliklər yaradılmış və fəaliyyətə başlamış, aşağı seçki komissiyalarının iş şəraiti yaxşılaşdırılmış, onların əksəriyyəti üçün yeni binalar tikilmiş, seçicilər, aşağı seçki komissiyalarının üzvləri və KİV nümayəndələri üçün genişmiqyaslı maarifləndirmə proqramı, beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilmişdir. Seçki Məcəlləsinin “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında” Qanun nəzərə alınmaqla yeni variantı nəşrə hazırlanmış və çap olunmuşdur. Seçkilərin hazırlanmasını həyata keçirmək üçün zəruri normativ-hüquqi aktlar bazası təkmilləşdirilmiş, normativ xarakterli aktlar qəbul edilmiş və ictimailəşdirilmişdir. Həmin sənədlərdən ibarət toplu hazırlanmış və çap edilmiş, seçki komissiyalarının fəaliyyəti, tərkibi, seçici siyahıları barədə məlumatlar və seçki sənədləri MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
MSK sədri qeyd etmişdir ki, ölkədə ədalətli seçkilərin keçirilməsi üçün vacib olan mütərəqqi hüquqi baza, ictimai-siyasi sabitlik, demokratik şərait və siyasi iradə mövcuddur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə, Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Komissiya sədri MSK üzvlərini Azərbaycan Respublikasında prezident seçkilərinin elan edilməsi barədə qərar layihəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2008-ci il oktyabrın 15-i Azərbaycan Respublikası prezidentinin seçkiləri günü elan edilsin.
MSK katibi Natiq Məmmədov isə Azərbaycan Respublikasının prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Təqvim Planının təsdiq edilməsi barədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-nin Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.