AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, iyunun 3-də Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı Şəhər Polis İdarəsinin xidməti vəzifəsini yerinə yetirən işçiləri ilə Nardaran qəsəbəsinin bir qrup sakini arasında qarşıdurma olmuş, nəticədə 70-dən çox polis əməkdaşı, qəsəbənin bir neçə sakini müxtəlif dərəcəli xəsarət almış, bir nəfər qəsəbə sakini həlak olmuşdur. Bu hadisə hazırda Respublika hüquq mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılır.
Nardaran qəsəbəsinin bir qrup sakini iyunun 8-də mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevdən baş vermiş hadisə və ümumiyyətlə yaranmış vəziyyətlə bağlı onları qəbul etməsini xahiş etmişdir.
Azərbaycan Prezidentinin tapşırığı ilə Prezidentin icra Aparatının şöbə müdirləri Y.Hümbətov, Ə.Həsənov, S.Cəfərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov iyunun 12-də Sabunçu rayon icra hakimiyyətində Nardaran qəsəbəsinin bir qrup sakinini qəbul etmişlər. Görüşdə qəsəbə sakinləri diqqətlə dinlənilmiş, mövcud vəziyyətlə bağlı onların mülahizələri öyrənilmiş, qaldırdıqları bu və ya digər məsələlər ümumiləşdirilərək ölkə başçısına məruzə olunmuşdur.
İyunun 12-də Azərbaycan Prezidenti müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə Nardaranda baş vermiş hadisənin tam və müfəssəl araşdırılması, onun nəticələrinin aradan qaldırılması, qəsəbə sakinlərinin qaldırdığı məsələlərin öyrənilərək tədbirlər görülməsi və qəsəbədəki vəziyyətin sabitləşdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.