AZƏRBAYCAN RESPUBLİKASININ ANKARADAKI SƏFİRİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Səfir Məmməd Əliyev bəyanatla çıxış edərək, Avropa Şurası Parlament Assambleyasında Kiprlə bağlı qətnamənin qəbuluna dair səsvermədə Azərbaycan deputatlarının iştirakı barədə Türkiyənin bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərə aydınlıq gətirdi. O bildirdi ki, bu xəbərlər natamam və səhv məlumatların nəticəsidir. AŞPA-da Kipr ilə əlaqədar məsələnin müzakirəsi haqqında Azərbaycanın Xarici İşlər Nazirliyinə, nümayəndə heyətimizin üzvlərinə, Türkiyədəki səfirliyimizə, Strasburqdakı daimi nümayəndəliyimizə xəbər verilməmiş, heç bir dəstək istənilməmişdir. Səsvermədə 300 deputatın iştirakı gözlənilirdi. Lakin əlaqələndirmə işinin zəif qurulması üzündən yalnız 70 nəfər iştirak etmiş, 45 deputat layihənin əleyhinə səs vermişdir.
Belə vəziyyətdə nümayəndə heyətimizin səsvermədə iştirakı da nəticəni dəyişməyəcəkdi.
Azərbaycan hər zaman Şimali Kiprdəki türklərin mövqeyini dəstəkləmiş, onların təhlükəsizliyinin təminini və haqlarının tanınmasının əhəmiyyətini vurğulamışdır. Səsvermə zamanı bəzi türk deputatların da salonda olmaması faktına diqqət çəkən səfir bu vəziyyəti təşkilati işlərin zəifliyi ilə əlaqələndirmişdir. O, Türkiyə Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül ilə telefonla əlaqə saxladığını, əlaqələndirmə zəifliyi nəticəsində səsvermə haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verilmədiyini diqqətə çatdırdı. Səfir bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycanın hər zaman Şimali Kiprə nümayəndə heyətləri göndərdiyini, orada keçirilən rəsmi tədbirlərdə nazirlərimizin, deputatlarımızın, elm və mədəniyyət xadimlərimizin iştirak etdiyini dedi.
Jurnalistlərin suallarına cavab verən səfirimiz Kipr məsələsi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi arasında heç bir paralel və oxşarlıq olmadığını vurğuladı.
Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın sürətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya uğurlu və çox səmərəli səfərinin də buna əyani nümunə olduğunu deyən Məmməd Əliyev bundan narahat olan bəzi qüvvələrin mövcudluğuna diqqəti çəkdi.
Səfir dedi ki, rəsmi şəxslərin bəyanatlarına baxmayaraq, vaxtaşırı türk mətbuatında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzusunun gündəliyə gətirilməsi də məhz həmin qüvvələrin işidir.