AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edim. Azərbaycan xalqının bu qərarında onun nəinki çoxəsrlik müdrikliyi, həm də dövlətinizin inkişaf perspektivini dəqiq müəyyənləşdirmək qabiliyyəti öz əksini tapmışdır.
Ölkələrimizin dövlətçiliyinin təşəkkülünün son illəri, şübhəsiz ki, xalqlarımız arasında qardaşlıq münasibətlərinin köklərini və sıx Azərbaycan-Gürcüstan strateji əməkdaşlığını möhkəmləndirmişdir. Ölkələrimizin tərəfdaşlığı işində yeganə düzgün yol - mümkün olan köməyi göstərmək və belə bir faktın başa düşülməsi yolu seçilmişdir ki, dövlətlərimizin təhlükəsizliyi və sabitliyi, eləcə də regional və qlobal siyasətdə uğurları bir-birindən ayrılmazdır.
Şübhə yoxdur ki, yuxarıda göstərilən və bir çox digər nailiyyətlər Sizin Atanızın - hörmətli Heydər Əlirza oğlunun və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin adları ilə sıx bağlıdır.
İcazə verin, Azərbaycan-Gürcüstan tərəfdaşlığının inkişafına Sizin də şəxsi töhfənizi lazımınca qiymətləndirək. Şübhəsiz ki, Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz sayəsində bu tərəfdaşlığa keyfiyyətcə yeni təkan veriləcəkdir.
Bizim görüşlərimiz şəxsən mənim xüsusilə xatirimdədir və Sizi bir daha əmin etmək istəyirəm ki, mənim bütün şəxsi əlaqələrim əvvəllər olduğu kimi, yenə də ümumi işimizə xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə yüksək dövlət vəzifəsində yeni qələbələr və nailiyyətlər, möhkəm cansağlığı, böyük xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Tedo Caparidze
Gürcüstan Prezidentinin milli təhlükəsizlik
məsələləri üzrə köməkçisi - Milli Təhlükəsizlik
Şurasının katibi
Tbilisi, 16 oktyabr 2003-cü il.