AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanda prezident seçkilərində Sizin inamlı və qanunauyğun qələbəniz haqqında xəbər Regionlararası İşçi Heyətini İdarəetmə Akademiyasında böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı.
Burada, Akademiyamızda biz ölkənizə, xüsusən onun lideri, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə xüsusi məhəbbət və hörmət hissləri bəsləyirik. Təsadüfi deyildir ki, Akademiya sistemində Azərbaycan Prezidenti Heydər Əliyevin adını daşıyan Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutu neçə illərdir uğurla fəaliyyət göstərir. Müxtəlif ölkələrdən olan tələbələr – gələcək siyasətçilər, diplomatlar, alimlər, dövlət xadimləri bu institutda müasir elmin sirlərinə, dərin biliklərə yiyələnirlər.
Azərbaycan Mədəniyyət Mərkəzi Ukrayna-Azərbaycan İnstitutunun xüsusi iftixar obyektidir. Bu Mərkəzdə görkəmli, dünya miqyaslı siyasi və ictimai xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, habelə bizə dost olan Azərbaycandan bəhs edən ekspozisiya açılmışdır.
Biz Sizi müdrik siyasətçi, istedadlı dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ideyaları və işlərinin davamçısı kimi tanıyırıq. Siz onun çox zəngin irsini yaradıcılıqla inkişaf etdirərək, müasir Azərbaycanın iqtisadiyyatı tarixində və xarici siyasətində cəsarətli addım ataraq, Azərbaycanın “neft sivilizasiyası”na daxil olmasının və ölkənizin beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilməsinin təşəbbüsçülərindən biri kimi çıxış etmisiniz.
Biz qəti əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan öz dövlətçiliyini təkmilləşdirmək, iqtisadi cəhətdən güclü və siyasi baxımdan sabit, müstəqil dövlət qurmaq işində böyük uğurlar qazanacaqdır.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni, müstəqil Azərbaycan yaradılması işində yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayırıq.
Dərin hörmətlə,
Q.Şokin
Regionlararası İşçi Heyətini İdarəetmə
Akademiyasının prezidenti
Kiyev, 21 oktyabr 2003-cü il.