Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab Heydər Əliyevə
Möhtərəm Prezidentim,
Xəzər regionunun bu gün haqqında ən çox danışılan və “Azəri”, “Günəşli”, “Çıraq” yataqlarındakı zəngin ehtiyatları ən əvvəl Azərbaycan, sonra isə bölgə və dünya iqtisadiyyatına təqdim edəcək “Əsrin müqaviləsi”nin beşinci ildönümü mərasimlərində iştirak və hörmətli Prezidentimizi təmsil etmək məqsədi ilə 1999-cu ildə gözəl ölkənizə gəlmişdim.
Hər şeydən öncə, bu müqaviləyə əsasən qurulmuş konsorsiumda dövlət şirkətlərimizdən Türk Petrolları Anonim Ortaqlığı vasitəsilə Türkiyənin də yer almasına böyük dəstək və təşviqlərinizi əsirgəmədiyiniz üçün zati-alinizə, Azərbaycanın bütün əlaqədar dövlət idarəçilik orqanlarına, Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına təşəkkürümüzü bildirmək istəyirəm.
Türkiyə 1994-cü ildən etibarən payçısı olduğumuz bu layihə və konsorsiuma bu günə qədər göstərilmiş qayğı, diqqət, maraq və həyəcanımızdan daha çox Azərbaycanda mövcud olmanın, bu dost və qardaş ölkənin yüksəlişində iştirak etmənin iftixarını yaşamaqdadır.
Əsas ixrac neft boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin qərar və dəstəkləri ilə gerçəkləşdirilmişdir. Bu qərar 29 oktyabr 1998-ci il tarixində imzalanmış Ankara Bəyannaməsi ilə region dövlətləri prezidentləri tərəfindən təsdiqlənmişdir.
Azərbaycan xalqı bu gün əlamətdar bayramlarından birini - “Neftçilər günü”nü qeyd edir. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra Zati-aliniz tərəfindən 20 sentyabr 1994-cü ildə imzalanmış tarixi “Əsrin müqaviləsi” öz bəhrələrini verməkdədir.
Möhtərəm Prezidentim,
Zati-alinizi və bütün neftçilərinizi həm qardaş Azərbaycan, həm də Türkiyə üçün mühüm bir bayram olan 20 sentyabr “Neftçilər günü” münasibətilə səmimi qəlbdən təbrik edir, müdrik idarəçiliyiniz altında bu tarixi müqavilənin hələ neçə-neçə xoşbəxt illərə çatmasını, Azərbaycanın iqtisadiyyatında, yüksəlişində mühüm rol oynamasını arzu edirəm.
Professor, doktor Əbdülxalıq Mehmet Çay
Türkiyə Cümhuriyyətinin dövlət naziri