AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Avropa Şurası Parlament Assambleyası üzvünün belə yüksək məsuliyyətli bir vəzifəyə seçilməsi hər zaman məmnuniyyət doğurur.
Assambleya sədrinin müavini, onun Bürosunun və çoxsaylı komitələrinin üzvü qismində təcrübəniz, şübhəsiz, Sizdə Avropa Şurasının və onun üzvü olan dövlətlərin tərənnüm etdiyi fundamental dəyərlərə dərin bağlılığı möhkəmləndirəcəkdir.
Mən əminəm ki, bu dəyərlər, - insan hüquqlarına hörmət, demokratiya və qanunun aliliyi, - yüksək vəzifənizdə Sizi ruhlandıracaq və Sizə bələdçilik edəcək və Siz şəxsən bu dəyərlərin Azərbaycanda qorunması, təşviq edilməsi və gündəlik tətbiqini təmin edəcəksiniz.
Assambleyanın Monitorinq komitəsi tərəfindən ifadə olunan davamlı narahatlıqlar, siyasi məhbuslar məsələsi, eləcə də seçkilər ətrafında və mətbuata münasibətdə son hadisələr göstərir ki, bu istiqamətdə çox şeyin həyata keçirilməsinə ehtiyac vardır. Bazar ertəsi verdiyim bəyanatda dediyim kimi, “Prezident seçkilərindən sonrakı hadisələr Azərbaycanın Avropa Şurası standartlarına riayət etmək iradəsinə dair narahatlığımızı dərinləşdirmişdir. Noyabrın 6-da keçiriləcək iclas zamanı Assambleyanın Bürosu Azərbaycan üzrə Seçki Missiyasının məruzəsi və ona veriləcək davama baxacaqdır”.
Bu kontekstdə mənim üçün aydındır ki, biz “Hesablaşmalar dostluğa mane olmur” zərb-məsəlini rəhbər tutmalıyıq. Mən əminəm ki, Azərbaycanın Prezidenti kimi Siz mümkün qədər ən qısa zamanda ölkənizi Azərbaycan hökumətinin 2001-ci ildə Avropa Şurasına qoşulan zaman üzərinə götürdüyü öhdəliklərə tam riayət olunmasına doğru aparacaqsınız.
Hörmətlə,
Piter Şider Avropa Şurası Parlament
Assambleyasının sədri
Strasburq, 22 oktyabr 2003-cü il.