AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ KONSULLUQLARIN MƏSUL ƏMƏKDAŞLARININ BİRİNCİ MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirədə Azərbaycanın 37 ölkədəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərən konsulluq məsələləri üzrə məsul əməkdaşları iştirak etmişlər. XİN-in Konsulluq İdarəsinin rəisi səfir N.Hüseynovun sədrliyi ilə keçən müşavirəni xarici işlər nazirinin müavini, səfir V.Sadıqov açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.
Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi müşavirədə konsulluq fəaliyyətinə dair həlli vacib məsələlər müzakirə olunmuş, həmin nazirliklərin və dövlət orqanlarının nümayəndələri çıxış edərək xarici ölkələrdə yaşayan vətəndaşlarımıza konsulluq xidməti sahəsində göstərilən hüquqi yardımın daha da təkmilləşdirilməsi barədə tövsiyələrini vermişlər.
Ədliyyə Nazirliyinin müvafiq struktur bölmələrinin səlahiyyətli nümayəndələri müşavirədə konsullarımızın xarici ölkələrdə Azərbaycan vətəndaşlarının müraciətləri əsasında notariat əməliyyatlarının aparılması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin rəsmiləşdirilməsi qaydaları və bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.
Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti, Baş Əməliyyat, Statistik İnformasiya, Pasport–Qeydiyyat İdarələrinin nümayəndələri əcnəbi vətəndaşların Azərbaycan Respublikasında hüquqi statusunu tənzimləyən qanunvericilik aktları haqqında, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportları ilə təmin olunmaları sahəsində görülən işlər barədə və diplomatik nümayəndəlik və konsulluqlarımızda DİN-lə bağlı məsələlərin müzakirəsində iştirak etmişlər.
Təhsil Nazirliyinin nümayəndəsi xaricdə oxuyan tələbələrimizin təhsil şəraitinin yaxşılaşdırılması, Səhiyyə Nazirliyinin əməkdaşı isə xarici ölkələrə müalicə almaq üçün gedən və burada daimi yaşayan vətəndaşlarımızın səhiyyə sahəsində rastlaşdıqları bəzi məsələlərlə bağlı konsullarımızın suallarına aydınlıq gətirmişlər.
Vəkillər Kollegiyasının nümayəndələri konsullarımıza xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına hüquqi yardım göstərilməsi qaydaları ilə bağlı məlumat verərək, konsullarımızın fəaliyyət göstərdikləri ölkələrdə xarici vətəndaşların hüquqi statuslarını tənzimləyən hüquqi-normativ qanunvericilik aktlarının öyrənilərək “Mərkəz” vasitəsilə əlaqədar orqanlara çatdırılması üçün təkliflərini bildirmişlər.
Azərbaycan Respublikası Hərbi Komissarlığının nümayəndələri xaricdə yetkinlik yaşına çatmış həqiqi hərbi xidmətə yararlı Azərbaycan vətəndaşlarının konsulluqlarımızda konsulluq uçotuna götürülmələri məsələləri ilə bağlı çıxış etmiş və bu sahədə görülən işləri daha da təkmilləşdirmək üçün təkliflərini vermişlər.
Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri isə konsullarımıza Azərbaycan Respublikasının təhlükəsizliyinin qorunması baxımından müxtəlif tövsiyə xarakterli məlumatlar vermişlər.
İşgüzar şəraitdə keçən müşavirədə vətəndaşlarımıza hüquqi yardım göstərilməsi sahəsində görülən işləri daha da təkmilləşdirmək üçün Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə müxtəlif təkliflər irəli sürülmüşdür.
Konsulluq İdarəsi konsullarımıza gündəlik fəaliyyətdə istifadə etmək üçün konsulluq xidməti sahəsində Azərbaycan Respublikasının mövcud hüquqi-normativ aktlarının ümumiləşdirilmiş kompakt disk variantını təqdim etmişdir.