Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgiyə qatılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, “TÜYAP” Sərgi və Konqres Mərkəzində keçirilən “MÜSİAD EXPO 2022” sərgisində agentliyin dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edir. Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsmlər nümayiş olunur. Həmçinin stenddə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, bu sahədə dəstək və xidmətlərə dair məlumat verilir. KOBİA-nın stendində sahibkarlarla yanaşı, biznes assosiasiyalar da təmsil olunur.
Qeyd edək ki, “MÜSİAD EXPO 2022” sərgisi noyabrın 5-dək davam edəcək. Sərgidə 24 sahə üzrə 600-dən çox şirkət iştirak edir.