AZƏRBAYCAN SƏFİRİ ABŞ KONQRESİNDƏ ÖLKƏMİZDƏ SEÇKİQABAĞI VƏZİYYƏTƏ DAİR ÇIXIŞ ETMİŞDİR
Hafiz Paşayev budəfəki parlament seçkilərini əvvəlkindən fərqləndirən cəhətlər sırasında Milli Məclisdə 125 deputat yerinə 2000-dən artıq namizədin qeydə alınmasını, prosesi izləyəcək beynəlxalq müşahidəçilərin daha çoxsaylı olmasını, Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının ATƏT-dən müvafiq texniki yardımla seçkilərə cəlb edilməsini vurğulamışdır. Diplomat təəssüflə demişdir ki, son günlər ərzində müxalifət təmsilçiləri ölkədə süni gərginlik yaratmağa çalışırlar. Yay aylarında paytaxtın xüsusi ayrılmış yerlərində dinc mitinq və etiraz aksiyalarının keçirilməsi Qərb dairələri tərəfindən müsbət qiymətləndirilmişdir. Hakimiyyətin ünvanına deyilən müsbət fikirlərdən narazı qalan müxalifət qüvvələri son günlər Bakının mərkəzi meydanlarında icazəsiz aksiyalar keçirməyə, bununla da söz və toplaşma azadlıqlarının Azərbaycanda qorunmadığını nümayiş etdirməyə çalışırlar. Əslində isə, onlar ictimaiyyət arasında kifayət qədər dəstəyə malik olmadığını anlayırlar. Azərbaycan ictimaiyyəti zorakılıq və gərginliyin deyil, qayda-qanunla keçirilən seçkilərin tərəfdarıdır.
Hafiz Paşayev “dəyirmi masa” iştirakçılarına Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsi, habelə ABŞ-Azərbaycan tərəfdaşlığı barədə də danışmışdır. Səfir xatırlatmışdır ki, Konqres tərəfindən qəbul edilən Azadlığa Dəstək Aktının ədalətsiz 907-ci maddəsi üzündən ölkələrimiz arasında əlaqələr istənilən səviyyədə qurula bilmirdi. 2001-ci ildə həmin maddənin qüvvəsi Prezident Corc Buş tərəfindən dayandırılandan sonra ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində həyata keçirdiyi proqramlar intensivləşibdir. Buna baxmayaraq, ədalətsiz maddə tam ləğv olunmadığına görə, Pentaqon, Dövlət Departamenti və ABŞ-ın müxtəlif dövlət agentlikləri Azərbaycanla uzunmüddətli əməkdaşlıq planlaşdıra bilmirlər.