AZƏRBAYCAN SƏFİRİ ADT ÖLKƏLƏRİ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN TOPLATISINDA İŞTİRAK ETMİŞDİR
Terrorizm kriminal fenomen olaraq demokratiyanı, insan hüquqlarını və fundamental azadlıqları şübhə altına alır, dövlətlərin təhlükəsizliyinə, cəmiyyətin əsaslarına qorxu yaradır. Məhz bunu əsas götürərək, Amerika Dövlətləri Təşkilatının (ADT) üzvü olan ölkələrin xarici işlər nazirləri Barbadosda keçirilən 32-ci Baş assambleyada qəbul etdikləri antiterror konvensiyası ilə təsdiqləmişlər ki, hazırda beynəlxalq terrorizm ənənəvi təhlükəsizlik anlayışından kənara çıxır. Xalqlar, ölkələr onu hərbi, sosial və iqtisadi fəaliyyəti əlaqələndirməklə aradan qaldıra bilərlər. ADT-nin üzv olan 34 ölkədən 30-u konvensiyanı imzalamışdır. Kanada, Dominika, Dominkan Respublikası, Trinidad və Tobaqo konvensiya ilə bağlı müvafiq prosedurları bitirmək üçün əlavə vaxt istəmişlər.
ADT-də daimi müşahidəçi statusuna Azərbaycan Respublikasını Baş assambleyada ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev təmsil etmişdir.
H. Paşayev Baş assambleya çərçivəsində Kanada və Kosta-Rikanın xarici işlər nazirləri, Avropa Birliyinin, Misir, Barbados, Surinam və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycan tərəfi Latın Amerikası dövlətlərinin və ölkəmizin xarici işlər nazirlikləri arasında rəsmi əlaqələrin genişləndirilməsi, mütəmadi məsləhətləşmələr və digər təmaslar üçün əsas yaradan müvafiq protokolların imzalanması barədə təşəbbüslə çıxış etmişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton