AZƏRBAYCAN SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Respublikamızın İrandakı səfirliyində 20 Yanvar qırğınının 13-cü ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Tehran, Təbriz, Şiraz, Ərdəbil və Urmiyənin 20-dən artıq qəzet, jurnal, xəbər agentlikləri və İran Televiziyasının TV-4, TV-6 və “Səhər” kanallarının nümayəndələrinin iştirak etdikləri konfransda səfir Abbasəli Həsənov çıxış edərək, 1980-ci illərin sonlarında keçmiş SSRİ-də gedən siyasi proseslərdən, Dağlıq Qarabağda yaşayan ermənilərin separatist hərəkatı və Erməistanın Azərbaycana qarşı əsassız ərazi iddiası nəticəsində ölkəmizin münaqişəyə cəlb olunmasından danışmış, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin üzdəniraq “Böyük Ermənistan” yaratmaq planının tərkib hissəsi olduğunu, o vaxtki sovet rəhbərliyinin buna göz yumduğunu, açıq-aşkar dəstək verdiyini vurğulamışdır.
Diplomat demişdir ki, SSR-İ rəhbərliyi respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi, 1990-cı ilin yanvarın 20-də sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə Bakıya yeridildi, nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və itkin düşdü.
Mətbuat konfransında vurğulanmışdır ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə də Qanlı Yanvar hadisələrinə rəsmi münasibət uzun müddət dəyişilməmiş, yalnız 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə faciəyə hüquqi-siyasi qiymət verilmiş, onun təşkilatçılarının və bilavasitə icraçılarının adları açıqlanmışdır. Lakin təəssüf ki, onlar hələ öz cəzalarına çatmamışlar.
Sonra səfir jurnalistlərin suallarına cavab vermiş. Mətbuat konfransının sonunda jurnalistlərə səfirlik tərəfindən hazırlanmış “20 Yanvar-Azərbaycan tarixinin qanlı səhifəsi” adlı bülleten və faciəni əks etdirən videokassetlər paylanmışdır.