Azərbaycan səhiyyəsində daha bir ilkə imza atılıb
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib.
ATU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Tədris Cərrahiyyə Klinikasının birinci cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyət ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirib. Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə köçürüblər.
Bu uğurlu əməliyyatın reallaşmasında transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov, şüa-diaqnostika şöbəsinin müdiri Rasim Bayramov, invaziv kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov, hematoloq Naidə Ağayeva, molekulyar bioloq və genetik Fərid İsmayıllı, həkim-anesteziolog Məmməd Şirinov, rezident Mehriban Hüseynova iştirak ediblər.