AZƏRBAYCAN ŞƏRABÇILARININ QIZIL VƏ GÜMÜŞ MEDALLARI
Azərbaycan şərabçıları “İlin ən yaxşı şampan şərabı, çaxırı və konyakı” adlı VI Beynəlxalq professional şərab müsabiqəsində Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının 2 qızıl və 3 gümüş medalına layiq görülmüşdür. Noyabrın 18-22-də Moskvada keçirilən bu müsabiqədə Rusiya, Azərbaycan, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan, Belarus, Fransa, Almaniya və digər ölkələrin 69 müəssisə və ticarət evi təmsil edilmişdi. Müsabiqədə 386 növ şərabçılıq məhsulu dequstasiya olunmuşdur.
Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Sabir Vəliyev dequstasiya komissiyasının ən yaxşı eksperti kimi xüsusi qızıl medal almışdır.
“Gəncə-Şərab-2” SC-nin “Sevgilim” kəmşirin qırmızı şərabı, “Tovuz-Baltiya ltd.” müəssisəsinin əla növ “Tovuz” konyakı qızıl, ”Ağayev” kiçik müəssisəsinin “Zoğal” brendisi, “Alov” firmasının “Daş qala” brendisi və “Gəncə-Şərab-2” SC-nin “Gəncə” qırmızı süfrə şərabı gümüş medallarla mükafatlandırılmışdır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq, meyvə-tərəvəzçilik və çayçılıq sahələrini əlaqələndirmə idarəsi rəisinin müavini Nadir Mehdiyev ən yaxşı şərabçılıq mütəxəssisi kimi baş mükafatına layiq görüldü.
Həmvətənlərimiz “Sevgilim” şərabının, “Zoğal” brendisinin və “Tovuz” konyakının yüksək bədii tərtibatına görə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ümumrusiya Elmi Tədqiqat Pivə, Alkoqolsuz İçkilər və Şərabçılıq Sənayesi İnstitutunun diplomları ilə də təltif edildilər.
Beləliklə, şərabçılarımız bu mötəbər müsabiqənin bütün nominasiyalarında mükafatlar alaraq bir daha sübut etmişlər ki, Azərbaycanda şərabçılıq sənayesi ənənələri qorunub saxlanılır və müəssisələrimiz dünya standartlarına uyğun məhsul buraxırlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva