AZƏRBAYCAN ŞƏRABLARI FRANSADA ŞÖHRƏT QAZANIB
AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, Fransa, İspaniya, Avstraliya və Livan şərabları ilə yanaşı mərasimdə Azərbaycanı ilk dəfə “Tovuz-Baltiya” şirkəti təmsil etmişdir. Şirkət dequstasiyaya “Bakı-Ceyhan” və “Nizami” şərab növlərini təqdim etmişdir.
Peşəkar mütəxəssislər “Nizami” şərabını yüksək qiymətləndirmiş, dad və keyfiyyətinə görə degustasiya edilən bütün şərablardan çox yüksək olduğunu və ona birinci yeri verdiklərini bildirmişlər. İş adamları ölkəmizdə bu sahənin istehsalına və “Nizami”nin tərkibinə xüsusi maraq göstərmişlər.
Şirkətin direktoru Naiq Məmmədhəsənov Azərbaycanda üzümçülüyün və şərabçılığın tarixi və istehsalı barədə qısa məlumat vermişdir.
Tədbirdən sonra N.Məmmədhəsənov AZƏRTAC-ın müxbiri ilə söhbət əsnasında demişdir: - Avropada və eləcə də dünyada şərabçılığın beşiyi hesab edilən Fransada bu gün şərablarımızın belə yüksək dərəcədə qiymətləndirilməsi heç də təsadüfü deyildir. Bildiyimiz kimi, ölkəmizdə üzümçülüyün və şərabçılığın özünəməxsus tarixi vardır.
Sovetlər məkanında Azərbaycan yeganə üzümçülük respublikası kimi dinamik surətdə inkişaf etmiş, 1969-cu ildə Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən sonra bu sahəyə xüsusi diqqət göstərilmişdir.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlmiş möhtərəm Prezidentimiz Heydər Əliyevin tələb və səyi ilə keçirilən aqrar islahatlar üzümçülüyün və şərabçılığın inkişafına yeni təkan vermişdir. Fermerlərin torpağa sərmayə qoymaq marağı, Avropa ölkələrindən yeni texnologiyanın, əkin materiallarının, yeni ting növlərinin gətirilməsi, yeni istehsal sahələrinin açılmasına və üzümçülüyün inkişaf etdirilməsinə diqqəti artırmış, əhalinin məşğulluğu üçün geniş imkanlar yaratmışdır.