AZƏRBAYCAN SƏRHƏD QÖŞUNLARININ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Azərbaycan Sərhəd Qoşunlarının yaradılmasının 83-cü ildönümü münasibətilə avqustun 17-də Musiqili Komediya Teatrında təntənəli yığıncaq keçirilmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının komandanı, general-mayov Elçin Quliyev Sərhəd Qoşunlarının 83-cü ildönümü haqqında məruzə etdi.
O, ölkəmizdə Sərhəd Qoşunlarının yaranması, təşəkkül tapması və bu gün respublikamızın hüdudlarının etibarlı keşikçisinə çevrilməsi barədə ətraflı məlumat verdi. Müstəqillik illərində Sərhəd Qoşunlarının xidmətində əsaslı keyfiyyət dəyişiklikləri, dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinin, nizam-intizamın, döyüş hazırlığının artmasının Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin sərhədçilərimizə gündəlik diqqət və qayğısının nəticəsi olduğunu bildirdi.
Dövlət sərhədinin mühafizəsini beynəlxalq istandartlara uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilən tədbirlərdən söhbət açan komandan mərasim iştirakçılarını, bütün xalqımızı əmin etdi ki, Sərhəd Qoşunlarının şəxsi heyəti müqəddəs borcunu bundan sonra da şərəflə yerinə yetirəcək, vətənimizin hüdudlarının keşiyində ayıq-sayıq duracaqdır.
Yığıncaqda çıxış edən Dövlət Sərhəd Xidmətinin əməkdaşı, baş leytenant Ramin Nemətov, arxeoloq alim, professor Vəli Əliyev yubiley münasibətilə sərhədçilərimizi təbrik etdilər, müstəqil Azərbaycanın dövlət sərhədinin etibarlı qorunması kimi şərəfli işdə onlara uğurlar arzuladılar.
Sonra yubiley münasibətilə sərhədçilərə ünvanlanmış təbriklər oxundu.
Yığıncaqda Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul edildi.
Axırda incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu.
Yığıncaqda müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Dövlət Gömrük Kömitəsinin sədri Kəmalləddin Heydərov və digər rəsmi şəxslər iştirak edirdilər.