Azərbaycan sərhədini pozmuş Banqladeş və İran vətəndaşları saxlanılıb
Bakı, 30 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 25-də DSX-nin hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İmişli rayonunda Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş beş nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları - 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəllüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.