AZƏRBAYCAN–SƏUDİYYƏ ƏRƏBİSTANI: HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Səfər zamanı mülki və ticarət işləri üzrə məhkəmə və ədliyyə əməkdaşlığı haqqında dövlətlərarası Müqavilə, habelə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri üzrə danışıqlar aparılaraq müvafiq razılaşma protokolu imzalanmışdır.
Qonaqlar, həmçinin ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.
Respublikamızın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrinin genişləndiyini bildirən nazir, ölkələrimiz arasında mövcud müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu, razılaşdırmaya çıxarılan sənədlərin imzalanmasının ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulamışdır.
Ölkələrarası münasibətlərin tarixi köklərə bağlı olduğunu bildirən qonaq, qardaş Azərbaycanda baş verən sürətli iqtisadi inkişafı, mütərəqqi hüquqi islahatları qeyd edərək ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmış, bu məsələyə xüsusi önəm verildiyini söyləmişdir.
Sonra qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.
Səfər çərçivəsində, həmçinin nümayəndə heyəti Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində görüşlər keçirmiş, ölkəmizdə hakimlərin seçki prosedurunun mütərəqqiliyindən heyran qaldıqlarını bildirmişlər.