Azərbaycan şirkətlərinin Kiyevdəki infrastruktur layihələrdə iştirakı müzakirə edilib
Kiyev, 14 fevral, AZƏRTAC
Azərbaycan şirkətlərinin Ukraynanın paytaxtında mühüm infrastruktur layihələrdə iştirakı üçün həmin şirkətlərin nümayəndələrinin Kiyev şəhər meri Vitali Kliçko ilə görüşü planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ilkin razılıq Kiyev meri ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.
Görüş zamanı bəzi Azərbaycan şirkətlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılması və onlara müvafiq dəstəyin verilməsi məsələləri müzakirə olunub.
Kiyev meri qeyd edib ki, Ukrayna yolların bərpası və müasir infrastrukturun tikintisi baxımından ən yaxşı təcrübəni qəbul etməyə hazırdır: “Ukrayna və Azərbaycan arasında yaxşı dostluq münasibətləri var. Azərbaycan şirkətləri Kiyevdə yol tikintisi sahəsində çalışırlar. Biz tərəfdaşlığımızı daha səmərəli və qarşılıqlı faydalı hala gətirməliyik”.
Səfir A.Xudiyev isə bildirib ki, çoxlu sayda Azərbaycan şirkəti Kiyevdə müxtəlif sahələrdə işləməyə hazırdır. Azərbaycan şirkətlərinin Kiyevdəki layihələrə investisiya qoyuluşunu artırması üçün birgə əməkdaşlığın gücləndirilməsi zəruridir.
Görüşdə, həmçinin Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün görüləcək işlər, müvafiq sənədləşmə işləri, eskiz layihələrinin razılaşdırılması müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev