Azərbaycan sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü tibbi və sosial məsələlərə həsr olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-də keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların uğurlu nəticələri barədə danışıb. O bildirib ki, hazırda Azərbaycan sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alıb. Ölkəmizdə güclü qadın siyasəti həyata keçirilir. Bütün yerli icra hakimiyyətlərinin başçılarının müavinlərindən biri qadındır. Hər bir dövlət qurumunda gender üzrə məsul şəxslər fəaliyyət göstərir. Qanunlar kişi və qadınların dövlətin idarə olunmasında bərabər təmsilçiliyə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.
Komitə sədri deyib ki, dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaşlar və onların maraqları dayanır. Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir. Ölkəmizdə hər bir uşaq üçün də bərabər imkanlar yaradılıb. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi mövcuddur. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb. Gələn il bu sənədin qəbul olunması gözlənilir.
Hicran Hüseynova ölkəmizdə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və onların sosial müdafiəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyada insan kapitalının ümumi sərvətin 60 faizini təşkil etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol xəritələri barədə məlumat verən icraçı direktor burada da insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyini deyib. O, daha yüksək nəticələrə nail olunması üçün insan kapitalını əmək bazarının inkişafına uyğunlaşdırmağın vacibliyini qeyd edib.
Forum işini məruzələr və panel iclaslarla davam etdirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və başqaları təmsil etdikləri qurumun gördüyü işlərdən danışıb, iştirakçıların suallarını cavablandırıblar.