İQTİSADİYYAT
“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakı Fond Birjasında (BFB) “Bravo Supermarketlər” şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi olub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 10 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirib. Azərbaycanın qeyri-neft sektorundan olan “Azərbaycan Supermarket” MMC-nin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır. Açılış mərasimində emitent tərəfindən “Azərbaycan Supermarket” MMC-nin baş icraçı direktoru Kevin Paul Landi, Mərkəzi Bankın kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov, birja üzvü tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev iştirak edib. Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək “Azərbaycan Supermarket” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib. Diqqətə çatdırıb ki, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin şaxələndirilməsinə səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaq.