Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idarə heyətinin üzvü Moskvada mükafata layiq görülmüşdür
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü Məcid Musayev Rusiya Federasiyasının A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu tərəfindən mükafata layiq görülmüşdür.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Məcid Musayevə bu mükafat A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat xidməti ilə səmərəli əməkdaşlığa görə verilmişdir.
Həmyerlimiz fondun oktyabrın 29-dan noyabrın 2-dək Moskvada keçirilən ilk tədbirində iştirak etmişdir.
Tədbir çərçivəsində iştirakçılar Rusiyanın millət vəkilləri və ictimai xadimləri ilə görüşlərə qatılaraq, ölkələrinin xarici və gənclər siyasətini müzakirə etmişlər.
Aleksandr Puşkin adına Dövlət İncəsənət Muzeyinin yeni direktoru Marina Loşakla görüşdə gənclər MDB ölkələrinin mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər, ölkələrinin tarixi - mədəniyyət abidələri ilə bağlı fikir mübadiləsi aparmışlar. Görüşdə M.Loşak Azərbaycan muzeylərinin ümumi fəaliyyətini yüksək qiymətləndirmişdir.
Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilmiş rəsmi bağlanış mərasimində çıxış edən Məcid Musayev MDB məkanında gənclərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun “Dostlar klubu”nun növbəti iclasının Bakıda keçirilməsi təklif edilmişdir.