Azərbaycan Tibb Universiteti gələn ildən etibarən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək
Bakı, 30 may, Göyçək Mahmudlu, AZƏRTAC
Mayın 30-da Azərbaycan Tibb Universitetində (ATU) Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu” mövzusunda tələbə və rezidentlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar Həkimi, ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov tədbirdə çıxış edərək səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, ATU gələn ildən etibarən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək. Rezidenturanı bitirənlər “ailə həkimi” ixtisasına yiyələnəcəklər.
Kafedra müdiri 2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrasının yaradıldığını da diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova ailə həkiminin fəaliyyət istiqamətləri, onun işinin təşkili və vəzifələri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, ailə həkiminin ilkin səhiyyə xidmətinin göstərilməsindəki rolundan bəhs edərək gələcəkdə bu sahə üzrə kadrlara böyük ehtiyac duyulacağını qeyd edib. T.Əhmədova regionlarda bəzi ixtisaslar üzrə kadr çatışmazlığının olduğunu vurğulayaraq, rezidentlərin təyinatı ilə bu məsələnin həllinə çalışdıqlarını vurğulayıb.
Tədbirdə “Ailə həkimi institutunun inkişafında icbari tibbi sığortanın rolu” mövzusunda çıxış edən İTSDA-nın səhiyyə işinin təşkili departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova iştirakçılara icbari tibbi sığorta sistemi çərçivəsində ailə həkimi institutunun inkişafının vacibliyi, həmin sahənin perspektivləri və beynəlxalq təcrübə haqqında məlumat verib. İlkin səhiyyə sisteminin inkişafı üçün Agentliyin həyata keçirdiyi pilot layihə müddətində qazanılmış təcrübəni iştirakçılarla bölüşən Ş.İsmayılova səhiyyənin yeni iqtisadi modelinin qurulmasında gənc kadrlara ehtiyac olacağını bildirib və bu sahə üzrə tələb edilən qaydalar haqqında danışıb.
Şöbə müdiri deyib ki, 2005-ci ilə qədər Azərbaycanda tibbi kadrların sayı kifayət qədər olub. Lakin bu meyl azalmağa doğru gedir. Bununla yanaşı, orta tibb işçilərinin də sayında azalma qeydə alınır. Bununla bağlı müəyyən dəyişikliklər və stimullaşdırıcı tədbirlər görülməsə, Azərbaycan tibbi kadrlar çatışmazlığı ilə üzləşə bilər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.