Azərbaycan Tibb Universitetində mürəkkəb şiş əməliyyatı uğurla icra olunub
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ağız, üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Məhəmməd Davudov növbəti uğurlu əməliyyata imza atıb. Əməliyyat nəticəsində xəstə karotid hemodektomalardan azad edilib.
Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, karotid hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyəsinin nadir rast gəlinən mürəkkəb patologiyalarından biridir. Bu tip şişlər haqqında məlumatın az olması əksər hallarda kliniki diaqnozun düzgün qoyulmaması ilə nəticələnir. Hazırda karotid hemodektomaların müalicəsində əsasən cərrahiyyə əməliyyatından istifadə olunur.
Xəstə boynun sol tərəfində şişkinlik, baş ağrıları və baş gicəllənmə, udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə beş il əvvəl boynun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. Aparılan 3 D rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili, həm də xarici yuxu arteriyasını əhatə edir.
“Xəstənin qardaşında da beş il əvvəl eyni xəstəlik qeydə alınıb, lakin onda şişin ölçüsü daha böyük olub. O, xarici ölkə klinikasında əməliyyat olunub, lakin əməliyyatın üçüncü günündə qanaxma və beyin qan dövranının kəskin çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hemadektomaların irsi xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə hallara ümumiyyətlə dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi xəstəmizi beş il gözləməyə vadar edib. Nəticədə şiş böyüyərək xəstənin həyatına təhlükə yaradıb. Biz klinikamızda xəstəni hərtərəfli müayinə etdik, 3D rekonstruksiyalı KT və kontrast KT müayinələri apardıq, nəticədə cərrahiyyə əməliyyatına qərar verdik. Əməliyyat uğurla icra olundu. Şiş toxuması tam şəkildə çıxarıldı. Xəstə üç gün müddətində stasionar müalicədən sonra fəsadsız evə yazıldı”,- deyə Məhəmməd Davudov bildirib.