İQTİSADİYYAT
Azərbaycan-Türkiyə biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyətindən danışılır
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilir. Forumda hər iki ölkənin hökumət nümayəndələri, qida, tikinti, nəqliyyat, logistika, sənaye, İKT, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin hər iki dövlət başçısının yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədə olduğunu vurğulayıb.
Baş nazir ölkəmizdə yaradılan əlverişli investisiya mühiti barədə məlumat verərək bildirib ki, hazırda Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti qeydiyyata alınıb və bu, xarici dövlətlər arasında ən yüksək göstəricidir. Qeyd edilib ki, biznes dairələrimizin birgə fəaliyyəti və sıx əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artmasına töhfə verəcək. İqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığımız qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır.