AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞUNA KÖLGƏ SALMAQ CƏHDİ BAŞ TUTMAYACAQDIR
- Aqşin müəllim, aprelin 29-da Avropa Şurası Parlament Assambleyasının sessiyasında Kiprdə vəziyyət barədə hazırlanmış məruzə üzrə qətnaməyə dair səsvermədə Azərbaycan parlamenti nümayəndə heyətinin iştirakı ilə əlaqədar Türkiyənin bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərə sizin münasibətinizi öyrənmək istərdik.
- Türkiyənin bəzi mətbuat orqanlarında yayılmış məlumatdan mənim də xəbərim vardır. Həmin məlumatda Avropa Şurası Parlament Assambleyasında Kiprə dair təqdim olunmuş qətnamə layihəsində bəzi müddəaların Avropa deputatları tərəfindən dəyişdirildiyi, guya Azərbaycan nümayəndə heyətinin səsvermələrdə iştirak etmədiyi bildirilir və bunu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqa səfəri ilə bağlamağa cəhd göstərilir.
İlk növbədə, bildirmək istəyirəm ki, Kipr üzrə qətnaməyə dair səsvermə keçirilən zaman respublika Prezidentinin səfər proqramında Azərbaycan deputatlarının iştirakını tələb edən heç bir tədbir olmamışdır. Digər tərəfdən, öz adımdan deyə bilərəm ki, növbədənkənar xarakter daşıyan Kipr üzrə məruzə ilə bağlı səsvermədə dəstək haqqında Türkiyə tərəfindən Azərbaycan tərəfinə müraciət edilməmişdir. Nəhayət, Azərbaycanın parlament nümayəndə heyəti müxtəlif siyasi qüvvələri təmsil edən deputatlardan ibarətdir və onlar öz hərəkətlərini müəyyən etməkdə və iclaslarda iştiraka dair qərar verməkdə tamamilə müstəqildirlər.
Bununla belə, məndə olan məlumata görə, nümayəndə heyətinin bəzi üzvləri müzakirə zamanı iclas salonunda olmuş və səsvermədə iştirak etmişlər. Mənim üçün qəbuledilməz odur ki, baş vermiş anlaşılmazlıq hər hansı bir şəkildə Azərbaycan Prezidentinin səfəri ilə əlaqələndirilir və mətbuat səhifələrində təhrif olunmuş, qərəzli şəkildə yayılır. Həmin məlumatı yayan insanlar Türkiyə tərəfi üçün məqbul müddəanın qətnamədən çıxarılmasının əsas səbəbinin onun əleyhinə səs vermiş avropalı deputatların olduğunu nəzərdən qaçırırlar.
Nəhayət, bu məsələ ətrafında süni şəkildə yaradılmış hay-küy məni bəzi bədxah qüvvələrin Azərbaycan-Türkiyə dostluğuna zərbə vurmağa, Azərbaycan Prezidentinin Strasburqa uğurlu və çox səmərəli səfərinin üzərinə kölgə salmağa cəhd göstərdiyini düşünməyə vadar edir. Ümid edirəm ki, həmin qüvvələr, həmişə olduğu kimi, indi də öz məqsədlərinə nail ola bilməyəcəklər.