AZƏRBAYCAN UKRAYNA İLƏ STRATEJİ TƏRƏFDAŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Ukraynanın müdafiə naziri Yuri Yexanurov Bakıya ikigünlük rəsmi səfərə gəlmişdir.
Müdafiə Nazirliyində qonağın rəsmi qarşılanma mərasimi olmuşdur.
Müdafiə nazirləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirmişlər.
Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlər üzrə sıx əlaqələrin mövcud olduğunu bildirən general-polkovnik S.Əbiyev xüsusilə iqtisadi sahədəki əməkdaşlığın hər iki müttəfiq ölkənin daha çox yaxınlaşmasına böyük təkan verdiyini vurğulamışdır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində strateji əməkdaşlıq əlaqələrinin dərinləşməsi ilə əlaqədar imzalanan sənədlər Azərbaycan-Ukrayna münasibətlərində yeni üfüqlər açmışdır.
Nazir vurğulamışdır ki, Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş ölkə kimi baxmışdır. Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəşi ilə bağlı məsələnin müzakirəsi zamanı Ukraynanın ədalətli mövqe tutaraq Azərbaycanın lehinə səs verməsi buna parlaq sübutdur.
General-polkovnik S.Əbiyev Ermənistanın işğalçı siyasət yürütməsi nəticəsində regionda vəziyyətin son dərəcə gərgin xarakter aldığını və bu günə qədər beynəlxalq təşkilatların vasitəsilə aparılan danışıqların da heç bir səmərə vermədiyini ukraynalı həmkarının diqqətinə çatdırmışdır. S.Əbiyev münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, Azərbaycanın digər vasitələrdən istifadə edəcəyini söyləmişdir.
Tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk iştirak etmişdir.
######
