Azərbaycan və Avropa alimlərinin birgə tədqiqatlarının nəticələri nüfuzlu jurnalda dərc olunmuşdur
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan alimlərinin Fransa, İspaniya, Avstriya, İsveç və Almaniyadan olan həmkarları ilə birgə apardıqları tədqiqatların nəticələrini əks etdirən “Avropadan olan nanovirus genomlarının mürəkkəbliyi və onlarda rekombinasiya və reassortmentin sübutu” başlıqlı məqalə “Journal of General Virology” jurnalında dərc olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, yabanı və mədəni paxlalı bitkiləri yoluxduran nanovirusların öyrənilməsinə həsr olunan tədqiqatlar nəticəsində elm üçün iki yeni nanovirus - black medic leaf roll virus (BMLRV) və pea yellow stunt virus (PYSV) identifikasiya olunmuşdur.
Avstriyada tapılmış PYSV virusun, Avstriya, Azərbaycan və İsveçdən isə üç BMLRV virusun tam genomları ayrılıb sekvens olunmuşdur. Bundan başqa, Azərbaycan və İspaniyadan faba bean necrotic yellows virusun (FBNYV) beş izolyatının genomları və Azərbaycandan tapılmış faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının genomları tam sekvens edilmişdir. Nəticədə FBNSV virus Avropada ilk dəfə identifikasiya olunmuşdur.
Nanovirus genomları çərçivəsində rekombinasiya hadisələrinin daxili və aralıq komponentləri, həmçinin nanovirusların qarışıq infeksiyalarının potensial qalıqları, geniş reassortasiya, örtülməyən təkamül əlaqələri təyin olunaraq nukleotid ardıcıllıqlarında analiz edilmişdir. FBNYV və BMLRV nanovirusların genom DNT-ləri bərpa edilmişdir ki, bu da ilk dəfə həmin nanovirusların təkamülünün və genom funksiyaların öyrənilməsi üçün təcrübi reassortasiyalara imkan verir.
Azərbaycanda bitki xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatlara AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında 2005-ci ildən başlanılmış və qısa müddətdə böyük uğurlar əldə olunmuşdur. Alınmış nəticələr bir çöx nüfuzlu nəşrlərdə öz əksini tapmış, beynəlxalq konfrans və konqreslərdə təqdim olunmuşdur. Azərbaycanda bitkilərdə virus və fitoplazma xəstəliklərinə dair bukletlər çap olunmuş, 2011 və 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri və BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutunun (UNİCRİ) “Cənubi Qafqazda və Mərkəzi Asiyada biomüdafiə və biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş məhsulların molekulyar diaqnostikası” mövzusunda layihəsi qalib gəlmişdir.
Həmin layihənin rəhbəri akademik Cəlal Əliyevdir.