AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİN İNKİŞAFINA XÜSUSİ ÖNƏM VERİR
Oqtay Əsədov ölkələrimiz arasındakı mehriban dostluq, qonşuluq əlaqələrindən danışmış, son illər bu əlaqələrin daha yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi vurğulamış və bildirmişdir ki, Prezident İlham Əliyevlə Prezident Mixail Saakaşvilinin dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycan qonşu Gürcüstanla parlamentlərarası əlaqələrin inkişafına xüsusi önəm verir və bu səfəri yüksək qiymətləndirir.
Cemal İnaişvili ölkəsinin parlament sədrinin adından Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmiş, deputatlara qanunvericilik işlərində uğurlar arzulamışdır. Qonaq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasında prezidentlərin xüsusi rolunu təsdiqləmiş və qeyd etmişdir ki, gürcü xalqı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Gürcüstan ərazisindən keçməsində ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək qymətləndirir və bunu heç vaxt unutmayacaqdır. Prezident İlham Əliyevin bu siyasi xətti inamla davam etdirməsi də Gürcüstanda yüksək qiymətləndirilir.
Cemal İnaişvili, həmçinin bu yaxınlarda Gürcüstanın üzləşdiyi enerji problemi ilə əlaqədar göstərilən köməyə görə Prezident Mixail Saakaşvilinin, parlamentin sədri Nino Burcanadzenin adından Azərbaycan xalqına, Prezidentinə dərin minnətdarlığını bildirmiş və demişdir ki, Gürcüstan regionda dost və qonşu Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Səfərin də əsas məqsədi Milli Məclisin yeni rəhbərliyi ilə tanış olmaq və parlamentlərarası əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Görüşdə regionda həyata keçirilən irimiqyaslı layihələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.