İQTİSADİYYAT
Azərbaycan və İran informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa maraq göstərirlər
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində sentyabrın 25-də Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan ilə İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, bu əlaqələrin genişlənməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidentinin İrana səfərinə toxunan nazir müavini qeyd edib ki, dövlət başçılarının görüşləri və apardıqları müzakirələr əlaqələrin genişlənməsinə böyük imkanlar yaradıb. İqtisadi sahədə əməkdaşlığın inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini əminliyini ifadə edən İltimas Məmmədov bundan sonra da birgə tədbirlər təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını bildirib.
Müctəba Haşimi ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən, o cümlədən rabitə və İKT sektorunda əməkdaşlığın yeni inkişaf mərhələsindən danışıb, ikitərəfli münasibətlərin uğurla davam etməsinə qarşılıqlı maraq göstərildiyini vurğulayıb. Qonaq İranın bir sıra aparıcı informasiya texnologiyaları şirkətlərinin Azərbaycanın İKT bazarına çıxışını təmin etmək üçün birgə fəaliyyətin mümkünlüyünü, həmçinin özəl sektorda işgüzar əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.
Azərbaycanın və İranın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərin nümayəndələrinin təmsil olunduğu tədbirdə İKT-nin tətbiqi ilə bağlı təqdimatlar olub.