AZƏRBAYCAN VƏ İSVEÇ ARASINDA GÖMRÜK SAHƏSİNDƏ ƏLAQƏLƏR MÖHKƏMLƏNİR
Səfərdən əsas məqsəd İsveçdə Avropa İttifaqı (Aİ) Gömrük Məcəlləsinin tətbiqi təcrübəsini öyrənməkdən ibarətdir. Səfər, həmçinin Azərbaycan Respublikasının hazırlanmaqda olan yeni Gömrük Məcəlləsinin tətbiqinə dair DGK-nın mövcud siyasət və prosedurlara tələb olunan əlavə və dəyişiklikləri ilə yanaşı, informasiya texnologiyalarının tətbiq sahələrinin müəyyənləşdirilməsinə imkan verəcəkdir.
Bu səfər Avropa Komissiyasının (AK) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP tərəfindən həyata keçirilən layihə 2006-cı ilin yanvarında fəaliyyətə başlamışdır. Dövlət Gömrük Xidmətinin islahatlarına yönələn və 900 min avro büdcəsi olan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusilə də Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması və informasiya texnologiyalarının inkişaf strategiyasının yaxşılaşdırılması və həyata keçirilməsi üzrə Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsini nəzərdə tutur.
Səfər zamanı nümayəndə heyətinin İsveç Gömrük Xidmətinin rəhbəri ilə, müvafiq hökumət qurumları təmsilçilərinin isveçli həmkarları ilə görüşləri də planlaşdırılır.
Səfər gələcəkdə iki ölkənin gömrük orqanlarının əməkdaşlığı, beynəlxalq səviyyədə əlaqələrinin gücləndirilməsi və digər sahələrdə yeni perspektivlər açacaqdır.
Səfər sentyabrın 17-dək davam edəcəkdir.