AZƏRBAYCAN VƏ KÜVEYT ARASINDA BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR DURMADAN İNKİŞAF EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Murtuz Ələsgərov qonağı səmimi salamlayaraq demişdir ki, Küveyt Yaxın Şərqdə, Azərbaycan isə Qafqazda özünəməxsus rol oynayırlar. 1994-cü ildən ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan ilə Küveytin əlaqələrinin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycan ilə Küveyt arasında bütün sahələrdə əlaqələr durmadan inkişaf edir. Mən parlamentlərimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu yüksək qiymətləndirirəm.
Milli Məclisin sədri daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, bu münaqişənin qurbanı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün ağır həyat şəraiti, işğal olunmuş torpaqlarımızın nəzarətsiz zonaya, beynəlxalq terror yuvasına çevrilməsi, burada narkotik vasitələr istehsal edilməsi, radioaktiv tullantıların basdırılması, təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, ATƏT-in qərarlarına etinasız münasibəti haqqında məlumat vermiş, Küveyt dövlətinin, bu ölkənin qeyri-hökumət qurumlarının, xüsusilə Asiya Müsəlmanları Komitəsinin Azərbaycan qaçqınları və məcburi köçkünlərinə humanitar yardımını minnətdarlıqla xatırlatmışdır. O, göstərilən yardımlara, beynəlxalq qurumlarda, o cümlədən BMT və İslam Konfransı Təşkilatında Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Küveyt dövlətinə və xalqına təşəkkürünü bildirmişdir. Murtuz Ələsgərov vurğulamışdır ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında, dinc yolla, danışıqlar vasitəsilə həllinə tərəfdardır. Əgər sülh vasitələri kömək etməsə, biz başqa vasitələrdən istifadə edəcəyik. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik.
Abdullah Məətuq əl-Məətuq səmimi qəbul üçün təşəkkür etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirmiş, dövlətinin Azərbaycana bundan sonra da yardım edəcəyini diqqətə çatdırmışdır.
Qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə iştirak etmişdir.