Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir
Bakı, 3 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Qazaxıstanın A.B. Bekturov adına Kimya Elmləri İnstitutu arasında onlayn görüş təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun təşəbbüsü ilə təşkil olunan görüşdə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, birgə elmi layihələrin hazırlanması və alimlər arasında mübadilənin genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov iki institut arasında birgə qrant və elmi layihələrin hazırlanmasını, elmi əməkdaşların və gənc alimlərin mübadiləsini, həmçinin birgə onlayn seminarların təşkilini təklif edib. Fiziki-kimyəvi analiz mərkəzinin baş elmi işçisi professor Etibar İsmayılov və mərkəzin rəhbəri dosent Sevinc Osmanova elmi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər. Təkliflər sırasında Avropa, xüsusilə Almaniyanın elmi qurumlarının əməkdaşlığa cəlb edilməsi də yer alıb.
Tərəflər arasında hər iki institutun fəaliyyət istiqamətləri və elmi potensialı barədə məlumat mübadiləsi aparılıb, gənc alimlər üçün beynəlxalq imkanların genişləndirilməsi və birgə elmi fəaliyyətlərin təşkili məsələləri nəzərdən keçirilib.
Sonda növbəti mərhələdə rəhbərlik səviyyəsində görüşün keçirilməsi və iki institut arasında əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılıq əldə olunub.