AZƏRBAYCAN VƏ RUSİYA FÖVQƏLADƏ HALLAR NAZİRLİKLƏRİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə 2006-2008-ci illər ərzində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın kompleks planının həyata keçirilməsinin yekunları müzakirə olunmuş, əməkdaşlığın əməli nəticələr verdiyi bildirilmişdir.
Kəmaləddin Heydərov birgə işçi qrupunun işini yüksək qiymətləndirərək, Rusiyadan müxtəlif avadanlığın alındığını, fövqəladə hallar üzrə mütəxəssislərimizin Rusiyada təhsil aldığını vurğulamışdır. Nazir xilasetmə əməliyyatlarında yeni üsulların axtarıb tapılmasının vacibliyini qeyd etmişdir.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin lazımi səviyyədə qurulduğunu vurğulayan Sergey Şoyqu Rusiyada tikililərin davamlığının müəyyənləşdirilməsi üzrə laboratoriyanın fəaliyyət göstərdiyini deyərək, lazım gələrsə, belə bir laboratoriyanın Azərbaycanda da qurulmasına yardım göstərəcəklərini bildirmişdir.
Sonra Kəmaləddin Heydərov və Sergey Şoyqu “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan əməkdaşlıq komissiyası haqqında Əsasnamə”ni imzalamışlar.
Səfər çərçivəsində Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 29 nömrəli Dövlət Yanğından Mühafizə Hissəsinin və Mülki Müdafiə Qoşunlarının Biləcəri alayının fəaliyyəti ilə tanış olmuşdur.
