AZƏRBAYCAN VƏ TÜRKİYƏ GƏLƏCƏYƏ BİRLİKDƏ ADDIMLAMALIDIRLAR
Fevralın 5- də Azərbaycanın müdafiə naziri, general- polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Təhlükəsizlik Akademiyasının rəisi, diviziya generalı Kenan Dəniz və onun rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general- polkovnik S. Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan- Türkiyə əlaqələrinin tarixi çox qədimdir. Bu iki xalq tarixən və ruhən həmişə bir olmuşdur. Biz bu birliyi daha da inkişaf etdirib, ən yüksək zirvəyə qaldırmalıyıq. Tarix yollarında biz çox şey itirmişik. Bu gün isə bizim heç bir şeyi itirməyə haqqımız yoxdur, əksinə itirdiklərimizi geri qaytarmalıyıq. Respublikamızın Prezidenti Heydər Əliyevin dediyi kimi, bir millət - iki dövlət olan Azərbaycan və Türkiyə bundan sonra gələcəyə birlikdə addımlamalıdırlar.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq qeyd etmişdir ki, bölgədə vəziyyət o qədər də sadə deyildir. Ermənistan-Azərbaycan münaqişəsi bu günə qədər həll edilməmiş qalır. Bu vəziyyətdən bəzi dövlətlər Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Ona görə də bu gün Azərbaycanla Türkiyənin birlikdə fəalihyyət göstərməsi ən ümdə məsələdir.
Diviziya generalı K.Dəniz səmimi qəbul üçün minnətdarlıq edərək bildirmişdir ki, biz Azərbaycanda çox böyük müsbət dəyişikliklər gördük. Sanki öz ölkəmizə gəlmişik. Azərbaycan və Türkiyə şəhidlərinin eyni şəhidlik məzarlığında yan-yana uyuması qəlbimizi qürur hissi ilə doldurdu. Bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə azadlıq və müstəqillik uğrunda mübarizədə həmişə bir olmuşlar.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunan qonaq qeyd etmişdir ki, lazım gələrsə biz Azərbaycanla çiyin-çiyinə ermənilərlə savaşmağa hazırıq.
Sonra tərəflər qeyd etmişlər ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində əlaqələrinin günbəgün artması hər iki dövlətin gələcəyinin daha aydın və parlaq olmasından xəbər verir.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab verərək demişdir ki, bu gün bizim ən yaxın vəzifəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini tezliklə başa çatdırmaq, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlamaqdır. Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı durmadan genişləndirməkdir. Azərbaycan-Türkiyə əməkdaşlığı bütün Türk dünyasına nümunə olmalıdır.
Buna cavab olaraq diviziya generalı K.Dəniz bildirmişdir ki, biz bir-birimizi həmişə olduğu kimi, bundan sonra da dəstəkləməliyik. Çünki bizim tariximiz bir, dilimiz bir, dinimiz bir və gələcəyimiz birdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Ümit Kalender iştirak etmişdir.