AZƏRBAYCAN XALÇALARI KÜVEYT DÖVLƏTİ ƏMİRİ APARATININ RƏHBƏRİNİ VALEH ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətdə olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı və xalçalarımız dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır.
1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrinin yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür.
Müəssisədə toxunmuş “Şeyx Səfi” xalısı qonaqların diqqətini daha çox cəlb etmişdir. Vurğulanmışdır ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik “Şeyx Səfi” xalısına 9,25 milyon ilmə vurulmuşdur.
Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabah bildirmişdir ki, bu yaxınlarda onun şəxsi xalça kolleksiyasından ibarət kitab nəşr olunacaqdır. Kitaba müxtəlif dövrlərlə yanaşı, İslamdan əvvəlki dövrə aid 12 xalça da daxil ediləcəkdir.
Qonaqlar toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxmışlar.
Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabah “Azərilmə”nin xatirə kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan xalçalarının gözəlliyinə valeh olduğunu bir daha vurğulayan qonaq xatirə şəkli çəkdirmişdir.
Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbət davam etdirilmişdir.
######
