Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Penitensiar Xidmətdə qeyd olunub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin baş idarəsində elmi-praktiki konfrans keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Penitensiar Xidmət rəhbərliyinin və şəxsi heyətin iştirak etdiyi konfransda Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salınıb. Çıxışlarda müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin hüquqi varisi olduğu vurğulanıb. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirilib.
Tədbirdə XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində möhkəmlənərək qorunub saxlanılması və bu gün Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması xüsusi qeyd edilib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxışında cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan işlər gördüyünü, Azərbaycanın gələcək müstəqilliyi üçün təməl yaratdığını diqqətə çatdırıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun banilərindən olan tanınmış dövlət xadimi Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətindən bəhs edən “Parisdən məktublar” adlı qısametrajlı sənədli filmi nümayiş etdirilib.