AZƏRBAYCANA DİQQƏT YETİRMƏK VAXTI ÇATMIŞDIR
Məqalədə deyilir ki, son bir neçə ilin hadisələri Avropanı genişlənmiş Qara dəniz regionuna getdikcə daha böyük diqqət yetirməyə vadar etmişdir. Avropa İttifaqının və NATO-nun Cənubi Avropa istiqamətində genişlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar narahatlığın artması bu prosesə təkan vermişdir. Bununla yanaşı, regionun şərqində yerləşən mərkəzi fiquranta – Azərbaycana nisbətən az diqqət yetirilmişdir. Lakin vəziyyəti dəyişmək vaxtı gəlib çatdı, çünki bu ölkə regionun təkamülündə həlledici rol oynamağa başlamışdır.
Alim “genişlənmiş Qara dəniz regionu” anlayışını və Avropanın təhlükəsizliyində bu regionun rolunu şərh edərək, vəziyyətə aydınlıq gətirən bir sıra amillər göstərir.
Əvvəla, Bolqarıstanın və tezliklə Rumıniyanın Avropa İttifaqına qoşulması bu qurumu Qara dənizin sahillərinədək genişləndirir. İkincisi, regionun digər ölkələrində baş verən hadisələr onların Avropa ilə əlaqələrini möhkəmləndirdi. Türkiyədə 2002-ci ildən aparılan islahatlar o dərəcədə ümidverici olmuşdur ki, Ankara Aİ-yə üzvlük barədə danışıqlara başlamışdır. Gürcüstan və Ukraynadakı dəyişikliklər onların Avropaya meyilli olduqlarını təsdiqlədi. Üçüncüsü, Avropanın əsas təhlükəsizlik strukturu olan NATO-nun başlıca fəaliyyət meydanı Əfqanıstandır. Bu, Avropanı Qara dəniz və Xəzər dənizi vasitəsilə Əfqanıstana birləşdirən regionun əhəmiyyətini son dərəcə artırmışdır. Dördüncüsü, Rusiyadakı son hadisələr Avropanın bu ölkədən enerji asılılığı sarıdan narahatlığını gücləndirmişdir. Xəzər regionu istifadə edilməmiş ehtiyatların bir neçə mənbəyindən biridir ki, Avropanın getdikcə artan tələbatını ödəməyə və bununla da onun inhisar təchizatçıdan asılılığını azaltmağa imkan verir. Nəhayət, bu region demokratik dəyərlərin Şərqə doğru irəliləməsi fonunda avtoritar və demokratik qüvvələrin nüfuz uğrunda mübarizə apardıqları əsas meydandır.
Bütövlükdə bu amillər ona gətirib çıxarmışdır ki, Qara dəniz ətrafındakı region əsas diqqət mərkəzinə çevrilmişdir. Əlbəttə, genişlənmiş Qara dəniz regionunun meydana gəlməsi barədə Avropa təhlükəsizliyinin müəyyən mərkəzi kimi danışmaq olar. Lakin bütün bunların Gürcüstan, Ukrayna və Türkiyə kimi ölkələri diqqət mərkəzinə çəkdiyi bir dövrdə regionun əhəmiyyətli dövlətlərindən sanki kölgədə qalmışdır. Bu dövlət Azərbaycandır. Halbuki, Avropada az tanınsa da, Azərbaycan meydana regional təhlükəsizliyin çox mühüm mərkəzi kimi çıxmışdır.
Ola bilsin ki, Azərbaycan hər şeydən əvvəl öz neft və qaz ehtiyatları ilə məşhurdur. Əlbəttə, Amerika və Avropa sərmayələri və əlverişli sərmayə mühiti sayəsində ölkə çox mühüm neft və qaz hasilatçısına çevrilmişdir. Neftin qiymətinin, enerjiyə ehtiyacın artdığı bir vaxtda və görünür, Fars körfəzindəki daimi qeyri-sabitlik şəraitində Xəzər dənizinin enerji ehtiyatlarını həmişəkindən daha da vacib etmişdir. Bu yaxınlarda tikilmiş və Azərbaycanın neft yataqlarını Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı ilə birləşdirən bori kəməri sayəsində indi Avropaya gündə 1 milyon barrelədək neft nəql edilə bilər. Gələn il qaz kəməri də istifadəyə veriləcək və 2012-ci ildə onun buraxılış gücü 30 milyard kubmetrə çatacaqdır.
Dünya miqyasından yanaşsaq, Azərbaycanda neft və qaz hasilatı bəlkə də çox deyil, lakin indiki halda enerji ehtiyatlarının coğrafi vəziyyəti və onların dünya bazarlarına vaxtında çatdırılması əsas rol oynayır. Rusiyanın siyasəti narahatlıq doğurmuşdur ki, Avropa getdikcə daha çox Rusiya enerjisindən asılı olacaqdır.
Məqalədə bildirilir ki, məhz buna görə indi Avropa liderləri qitəyə enerji daşıyıcılarının nəqli üçün alternativ marşrutlar axtarırlar. Azərbaycanın vacibliyi məhz bu baxımdan xüsusilə göz qabağındadır. Bir tərəfdən, bu, neft və qaz hasil edən ölkədir. Lakin bu faktın özü, habelə enerji ehtiyatlarını Avropa ilə birləşdirən infrastrukturun yaradılması Azərbaycanı həm də Xəzərin şərq sahillərindən neft və qazın daha iri həcmdə nəqli üçün tranzit ölkəyə çevirmişdir. Azərbaycan artıq öz yataqlarını Avropa ilə birləşdirən infrastruktura malik olduğuna görə, Mərkəzi Asiyanın enerji daşıyıcılarının da Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən boru kəməri vasitəsilə nəqli tamamilə real görünür. Bu, Avropaya Rusiyanın dövlət inhisarı olan “Qazprom”dan daha böyük həcmdə qaz nəql etməyə imkan verəcəkdir. Əlbəttə, Azərbaycan, Qazaxıstan və Türkmənistan birlikdə ildə 140 milyarddan çox, başqa sözlə, “Qazprom”un Avropaya göndərdiyi qaz qədər təbii qaz nəql edə bilər. Həm də ixrac həcmi onların daxili bazarından asılı olmayacaq və deməli, qeyri-müəyyən vəziyyət yaranmayacaqdır.
Alimin fikrincə, əslində, Xəzər karbohidrogenlərinin Avropaya nəqli perspektivinin üçqat üstünlüyü var. Əvvəla, Avropanın onlar üçün təklif etdiyi tariflər Sibir yataqlarının yeni layihələri üzrə tariflərdən ucuzdur. İkincisi, bu, Rusiyanın neft və qaz nəqlini inhisara almasına mane olacaq və beləliklə, bu və ya digər səbəbdən onların Rusiyadan nəqlində fasilələr yarana biləcəyi halda, Avropanın enerji təhlükəsizliyini artıracaqdır. Üçüncüsü, bu, region dövlətlərinə daha sabit və mütərəqqi olmağa, Avropa ilə həm siyasi, həm də iqtisadi baxımdan əməkdaşlıq etməyə kömək edəcəkdir.
S.Kornell vurğulayır ki, lakin Azərbaycanın əhəmiyyəti təkcə bütün bunlarda deyildir. Onun fikrincə, Azərbaycan daha geniş kontekstdə Avropanın müsəlman aləmi ilə münasibətlərində əsas rol oynayır. Azərbaycanın güclü dünyəvi ənənələri var. 1918-ci ildə, Atatürkün Türkiyə Respublikasını elan etməsindən 5 il əvvəl burada müsəlman aləmində ilk demokratik dövlət yaradılmışdı.
Azərbaycan müsəlman dünyasında böyük rol oynayır: bu il ölkə İslam Konfransı Təşkilatında sədrlik edir. Azərbaycanı onun strateji əhəmiyyəti baxımından Avrasiyanın çox az ölkəsi ilə müqayisə etmək olar. Azərbaycanın strateji əhəmiyyəti əsasən onunla bağlıdır ki, o, həm Rusiya ilə, həm də İranla həmsərhəd olan yeganə ölkədir. 11 sentyabr hadisələrindən sonra Azərbaycan Əfqanıstanda antiterror alyansının əməliyyatlarında mühüm amil olmuşdur. Rusiya və İran tərəfindən etirazlara baxmayaraq, müttəfiqlər NATO-nun Avropadakı qüvvələri ilə Əfqanıstandakı sülhyaratma qüvvələri arasında, əslində, bütün hərbi daşımalar üçün Azərbaycanın hava məkanından istifadə edirdilər. Azərbaycanın coğrafi mövqeyi onu həm də Avropadan Asiyaya hava və dəmir yolları yaradılmasına dair artıq mövcud olan layihələrdə mühüm tranzit məntəqəyə çevirmişdir.
Bəs, əgər Azərbaycan belə əhəmiyyətlidirsə, onda niyə biz bu ölkə barəsində onun qonşularına nisbətən daha az eşidirik? Azərbaycanın və Avropanın qarşılıqlı münasibətlərində əsas problem kimi tez-tez demokratiyanın olmadığını göstərirlər. Bu bir həqiqətdir ki, Azərbaycan Avropa İttifaqının yeni üzvlərindəki demokratiyanın səviyyəsinə nail olmaq üçün hələ uzun yol keçməlidir.
Prezident İlham Əliyevin özünün təsdiq etdiyi kimi, seçkilərin keçirilməsi, məhkəmə sistemi, korrupsiya baxımından Azərbaycanda çatızmazlıqlar var. Lakin hər şey nisbidir. Azərbaycan avtoritar hökumətləri olan ölkələrin əhatəsindədir.
Cənab Əliyev öz atasından sonra Prezident olmuşdur ki, bunu da tənqidçilər “sülalə vərəsəliyi” adlandırırlar. Amma bu, ədalətsizlikdir. İlham Əliyevin hakimiyyətə gəldiyi yol Vladimir Putinin Rusiyada hakimiyyətə gəldiyi yoldan fərqlənmir. O da seçilmiş varisdir. Cənab Əliyev ölkəni siyasi və iqtisadi islahatlar yolu ilə aparmışdır.
S.Kornell bununla əlaqədar xatırladır ki, Azərbaycan Böyük Britaniyanın təklif etdiyi “Hasilat sənayesində təşəbbüslər”də nümunə ölkə olmuşdur. Bütün bunlar göstərir ki, Avropanın Azərbaycanda maraqları çoxdur və bunlar, əsasən, üç hissəyə bölünmüşdür: energetika və ticarət, təhlükəsizlik sahəsində əməkdaşlıq, habelə demokratiya və insan hüquqları. Özü də, bunlar bir-birinə zidd deyildir.
Alim vurğulayır ki, əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamamlaya bilər. Avropa bütün bunları paralel surətdə irəlilətməli və birini digəri ilə şərtləndirməməlidir. Demokratik islahatlar aparılmasa, energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq uğurlu ola bilməz, demokratiya isə energetika və təhlükəsizlik sahələrində əməkdaşlıqsız inkişaf edə bilməz. S.Kornel məqaləsini bu fikirlə bitirir ki, Avropanın ucqarındakı bu kiçik, amma çox mühüm ölkə ilə münasibətlərin möhkəmləndirilməsi Avropa İttifaqına və onun üzvlərinə böyük üstünlüklər verəcəkdir.