AZƏRBAYCANA İŞLƏMƏYƏ GƏLƏN ƏCNƏBİLƏRİN SAYININ ARTMASI MİQRASİYA PROSESLƏRİNƏ DİQQƏTİN GÜCLƏNDİRİLMƏSİNİ TƏLƏB EDİR
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov ölkəmizdə miqrasiya proseslərinin idarə olunması sahəsində görülən işlərlə bağlı AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Milli Məclisdə qəbul olunmuş yeni qanunda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qalma müddəti müəyyən edilmiş, onlara ölkəmizdə müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi mexanizmi hazırlanmış, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmişdir. Dövlətimizin başçısının bu il avqustun 5-də miqrasiya idarəetmə sisteminin inkişafı haqqında imzaladığı Fərmanda miqrasiya sahəsində idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin yaxşılaşdırılması istiqamətində konkret tapşırıqlar əksini tapmışdır.
Xidmətin rəisi demişdir ki, Azərbaycana viza əsasında gələn əcnəbilərin ölkəmizdə müvəqqəti qalma müddəti vizada göstərilən müddətlə müəyyən edilir. Əcnəbinin ölkədə qalma müddəti DMX tərəfindən uzadıldığı halda, Xarici İşlər Nazirliyi onun vizasının müddətini artırır. Azərbaycanda 30 gün müddətinə qalmaq niyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 3 gün ərzində yaşadıqları yerdə qeydiyyatdan keçməlidirlər. Müvəqqəti yaşamaq üçün icazəni Dövlət Miqrasiya Xidməti verir, yaşayış yerində qeydiyyatdan keçmək üçün isə daxili işlər orqanlarına müraciət etmək lazımdır.
A.Rəhimov vurğulamışdır ki, azı iki il ölkədə qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə DMX tərəfindən daimi yaşamaq hüququ, yəni 5 il müddətinə immiqrant statusu verilir və bu, daha 5 il müddətinə uzadıla bilər. Eyni zamanda, dövlətin təhlükəsizliyinə və ictimai sabitliyə ziyan dəyə biləcəyi təqdirdə, həmin şəxslər saxta sənədlər və məlumatlar təqdim etdikdə, təhlükəli yoluxucu xəstəliklər siyahısında nəzərdə tutulmuş virus daşıyıcısı olduqda və sair hallarda ölkədə müvəqqəti yaşamağa icazə verilmir.
Arzu Rəhimov əlavə etmişdir ki, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi üçün vahid məlumat sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu isə qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər görülməsinə imkan yaradacaqdır.