AZƏRBAYCANDA 11 BEYNƏLXALQ SƏRGİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “İTE Group PLC” və “İteca Caspian LLC” şirkətləri 2008-ci ilin payız sərgi mövsümündə Azərbaycanda 11 layihə təqdim edəcəklər.
“İteca Caspian LLC” şirkətindən bildirmişlər ki, mövsümü Beynəlxalq Gəncə İnfrastrukturu Sərgisi açacaqdır. Sentyabrın 22-dən 24-dək Çəncə Olimpiya Kompleksində keçiriləcək sərgi iqtisadiyyatın ən vacib sahələrini, o cümlədən inşaat və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, səhiyyə, nəqliyyat, infrastruktur və xidmət sahəsini əhatə edəcəkdir. Sərgi çərçivəsində 2-ci Azərbaycan Regional İnşaat Sərgisi də keçiriləcəkdir.
Sentyabrın 24-dən 27-dək Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində 14-cü Azərbaycan Beynəlxalq Səhiyyə, 3-cü Azərbaycan Beynəlxalq Stomatologiya və 2-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri təşkil olunacaqdır. Beynəlxalq Səhiyyə Sərgisində 19 ölkədən 100-dən çox şirkətin iştirakı gözlənilir.
Oktyabrın 2-dən 4-dək 2-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi təşkil olunacaqdır. Bu sərgi çərçivəsində 1-ci Azərbaycan Beynəlxalq Kitab Yarmarkasının keçirilməsi də nəzərdə tutulur.
Xəzər regionunun daha bir iri layihəsi olan 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı oktyabrın 11-dən 14-dək keçiriləcəkdir. Bu il sərgidə kommersiya şirkətləri ilə yanaşı, Koreya Republikasının 10-dan çox şirkətini təmsil edəcək Milli Stend də təqdim olunacaqdır. Sərgidə ilk dəfə olaraq, ORT Ümumdünya Teleradioyayım Şəbəkəsi də iştirak edəcəkdir. Sərginin ən əlamətdar hadisəsi isə Regional Nazirlər Görüşü olacaqdır. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təşkilatçılığı ilə baş tutacaq bu görüşün mövzusu “Yüksək sürətli TransAvrasiya İnformasiya Magistralı”dır.
Oktyabrın 22-də Xəzər regionunun ən iri inşaat sərgisi “BakuBuild” işinə başlayacaqdır. Sərgidə 23 ölkənin 210-dan çox şirkətinin iştirakı gözlənilir. Sərginin təxminən 30 faizini bu tədbirə və ölkə bazarına ilk qədəm qoyan şirkətlər təşkil edəcəklər. “BakuBuild” sərgisi ilə yanaşı, 3-cü Xəzər Beynəlxalq Daşınmaz Əmlak və 6-cı Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn sərgiləri keçiriləcəkdir. Sərgilər oktyabrın 25-də başa çatacaqdır.
Sərgi ili mövsümün debütü olan 1-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi ilə yekunlaşacaqdır. Sərgi noyabrın 5-dən 7-dək keçiriləcəkdir.