AZƏRBAYCANDA APARILAN DEMOKRATİK İSLAHATLAR TƏQDİRƏLAYİQ QİYMƏTLƏNDİRİLMİŞDİR
Ölkəmizdə səfərdə olan Avropa Şurası Baş Katibinin müavini Hans Kristian Krüqer iyulun 31-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Qonağı səmimi salamlayan Ədliyyə Naziri humanist və demokratik dəyərlərə daim sadiqlik nümayiş etdirən möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə aparılan hərtərəfli demokratik, o cümlədən, məhkəmə-hüquq islahatının müsbət nəticələri barədə ətraflı məlumat vermiş, Avropa Şurası ilə sistemli xarakter almış işgüzar əlaqələrin bu islahatların həyata keçirilməsində əhəmiyyətini vurğulamışdır.
Görüşdə qanunvericiliyin humanistləşdirilməsi, əfv və amnistiya aktlarının tətbiqi, məhkumların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə ölkəmizdə həyata keçirilən tədbirlər, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, o cümlədən, ümumxalq səsverməsinə çıxarılmış konstitusiyaya dəyişikliklər barədə məsələlərə də toxunulmuş, Avropa Şurası ilə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının Azərbaycana münasibətdə qüvvəyə minməsi təqdirəlayiq qiymətləndirilmişdir.
Ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi üzrə görülən işlərdən məmnun qaldığını vurğulayan cənab H.Krüqer aparılan demokratik islahatların nəticələrini müsbət dəyərləndirmiş, referenduma çıxarılan konstitusiyaya mütərəqqi xarakterli dəyişikliklərin bu islahatların daha da dərinləşməsinə xidmət etməsi barədə fikirlərini qeyd etmiş, onu maraqlandıran suallara verilən ətraflı cavablara və faydalı fikir mübadiləsinə görə minnətdarlığını bildirmişdir.