AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİ MACAR ALİMİ MİXAY HOPPALIN BİBLİOQRAFİYASINI NƏŞR ETDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən macar alimi, professor Mixay Hoppalın biblioqrafiyası nəşr olunmuşdur.
Alimin 2007-ci ildə Budapeştdə nəşr olunmuş “Ömür əsərlərinin biblioqrafiyası” əsasında hazırlanmış kitabça mərkəzin müdiri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun “Ön söz”ü ilə başlayır. Biblioqrafiyada görkəmli macar aliminin kitabları, məqalələri, redaktorluq fəaliyyəti, onun təşkilatçılıq etdiyi konfranslar, mühazirə oxuduğu universitetlər, müəllifi olduğu filmlər, elmi-tədqiqat səfərləri, habelə elmi qurumlarda iştirakı barədə biblioqrafik məlumatlar toplanmışdır.
Mixay Hoppal Macarıstan Elmlər Akademiyası Etnologiya İnstitutunun direktoru, etnoqrafiya, macar ədəbiyyatı və dilçiliyi üzrə mütəxəssisdir. Çoxsaylı əsərləri içərisində mifologiya, din tarixi araşdırmaları, daha çox diqqəti cəlb edən şamanizmə həsr olunmuş tədqiqatları alimə böyük şöhrət qazandırmışdır.
Mərkəz M.Hoppalın biblioqrafiyasını çap etməklə görkəmli alimin yaradıcılığı ilə Azərbaycan müətəxəssislərini tanış etmək məqsədi güdmüşdür.
Biblioqrafiyanın elmi redaktoru professor N.Cəfərov, çapa hazırlayanı D.Osmanlıdır.