Azərbaycanda əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülür
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycanda digər sahələrlə yanaşı, idmanda da sürətlə inkişaf edir. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada parlaq qələbələr qazanırlar. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda reallaşdırılan uğurlu idman siyasətinin bariz nümunəsidir.
Xüsusi vurğulamaq lazımdır ki, Olimpiya hərəkatının inkişafına xüsusi diqqətin yetirildiyi Azərbaycanda Paralimpiya hərəkatının da inkişafı daim nəzarətdə saxlanılır. Respublikamızda Paralimpiya hərəkatının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə paralimpiyaçıların potensiallarını ortaya qoyması üçün bu yöndə qəbul olunan Dövlət Proqramı, imzalanan sərəncamlar Ulu Öndərin qayğısının daha bir bariz nümunəsidir. Ümummilli Liderin Sərəncamı ilə təsdiq olunan “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002 -ci illər üçün xüsusi Dövlət Proqramı” fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında müstəsna rol oynadı. Qeyd etmək lazımdır ki, paralimpiyaçıların nüfuzlu idman yarışlarına hazırlaşmaları üçün idman qurğusunun inşası da dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşib.
Hazırda ümummilli lider Heydər Əliyevin mütərəqqi idman siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə fiziki imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Paralimpiyaçılarımız da həmişə dövlətimizin başçısının qayğıkeş münasibətini öz üzərlərində daim hiss edirlər. Mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanmış paralimpiyaçılar, onların məşqçiləri müntəzəm olaraq dövlətimizin başçısının sərəncamları ilə yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın da maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısının diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub.
Cari ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının təşkili Azərbaycan Paralimpiyasının tarixində yeni səhifə açdı. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarış fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında mühüm addım oldu. Təşkilati işlərlə yanaşı, açılış və bağlanış, mükafatlandırma mərasimlərində, könüllülər arasında fiziki imkanları məhdud şəxslərə yer verilməsi xüsusilə təqdirəlayiq və sevindirici hal idi. Yarışın mükafatçılarına təqdim edilən Azərbaycan xalq nağılının qəhrəmanı olan “Cırtdan”ın kimonoda olan fiquru isə əlil arabası istifadəçisi Bahar Şıxıyevanın təşəbbüsü ilə hazırlanıb. Bütün bunlar Azərbaycan Milli Paqralimpiya Komitəsinin apardığı uğurlu siyasətin nəticəsidir. İdmançılarımıza gəldikdə, 35 ölkədən 214 cüdoçunun mübarizə apardığı turnirdə millimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medala sahib olub. Paralimpiya milli komandamız 6 Yay Paralimpiya Oyununda iştirak edib və ümumilikdə 38 medal qazanıb. İdmançılardan 7-si Paralimpiya çempionudur ki, onlardan iki bu adı iki dəfə qazanıb. Əldə olunan bu uğur paytaxtda və regionlarda yeni paracüdoçuların yetişməsinə, valideynlərin fiziki qüsurlu övladlarını idmana yazdırmağa sövq edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev paralimpiyaçılarımızın qazandığı nailiyyətlərin başında Vətən sevgisinin dayandığını dəfələrlə diqqətə çatdırıb. İrimiqyaslı turnirlərdə ölkəmizin himninin səsləndirilməsi və üçrəngli bayrağımızın dalğalandırılmasına hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Bu unudulmaz anları bizə idmançılarımız bəxş edirlər.
Paralimpiyaçılarımızın qazandıqları nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqətindən kənarda qalmayıb. Fond fiziki qüsurlu insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluqlarının artırılmasına yönələn müxtəlif layihələr uğurla həyata keçirilib. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevə Heydər Əliyev Fondu tərəfindən “Qızıl çinar” mükafatı və qalib paralimpiyaçılara fərdi təqaüd verilib. Bu qayğı və diqqət paralimpiyaçılarımızı yeni uğurlar qazanmağa sövq edir.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons da Azərbaycanda Paralimpiya hərəkatının geniş vüsət aldığını, böyük təşkilatlanma yolu keçdiyini və respublikamızın zəngin təcrübəyə malik olduğunu xüsusi qeyd edib. E.Parsons ölkəmizin güclü idman infrastrukturuna malik olduğunu və əlillər üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Beynəlxalq idman qurumu da ölkəmizdə Paralimpiya sahəsində əldə olunan nailiyyətlərə biganə qalmır. Bütün bunlar Milli Paralimpiya Komitəsinin düzgün yolda olmasından xəbər verir.
Hazırda komitənin nəzdində 14 yay idman növü, 2 qış idman növü vardır ki, bu idman növlərinə minlərlə idmançı cəlb olunub. Qurumun prezidenti İlqar Rəhimovun başçılığı ilə idmançılarımızın irimiqyaslı yarışlara hazırlığı, yüksək səviyyədə təlim-məşq toplanışı və digər sosialyönümlü tədbirlər təşkil olunur. Peşəkarlardan təşkil olunan komitə beynəlxalq əlaqələrin genişləndirilməsində də mühüm nailiyyətlər əldə edib. Hazırda paralimpiyaçılarımızın qarşısına “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və uğurla çıxış etmək məqsədi qoyulub. İlqar Rəhimov deyib: “Bizim işin əsas göstəricisi Paralimpiya Oyunlarında qazanılan medallardır. Əgər idmançılarımız Paralimpiadada ölkəmizi layiqincə təmsil edib bayrağımızı dalğalandırır və himnimizi səsləndirərlərsə, deməli, komitəmiz işini düzgün qurub. Əgər bunun əksidirsə, deməli, düz yolda deyilik. Çünki əlillər arasında idman potensialı böyükdür. Həqiqətən də bizim çox istedadlı idmançılarımız var. Əgər biz onları düzgün istiqamətə yönləndirməsək onlar da uğurlu nəticə qazana bilməzlər. Bizim ən yaxşı nəticəmiz “London 2012”də olub. Həmin Oyunlarda komandamız 12 medal qazanıb ki, bunlardan 4-ü qızıl idi. Biz elə inkişaf səviyyəsinə çatmışıq ki, bu, bizim üçün geriləmə oldu. Qarşımızda çox ciddi vəzifələrimiz var. “Tokio 2020” heç də asan olmayacaq. Əsas məqsədimiz, ən azı “London 2012”nin nəticələrinə yaxınlaşmaqdır”.
2013-cü ildə Beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradıldı. UPK Paralimpiya Komitəsi tərəfindən idarə olunur. Komitənin yaradılmasında əsas məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir. Bütün bunlar ölkəmizdə fiziki məhdudiyyətli insanların üzə çıxarılması işinin daha uzunmüddətli perspektivlər əsasında qurulduğunu göstərir.
Səxavət Quliyev
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir