“AZƏRBAYCANDA ELMƏ ƏSASLANMIŞ İQTİSADİYYATIN YARADILMASI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq, tədbirin əhəmiyyətindən danışmışdır.
ABŞ–ın ölkəmizdəki səfiri Ann Ders MTİF-in Azərbaycanda uğurlu fəaliyyətindən bəhs etmiş, elmin inkişafının iqtisadiyyatın da tərəqqisinə kömək etdiyini nəzərə çarpdırmışdır. O bildirmişdir ki, MTİF ABŞ hökuməti tərəfindən maliyyələşdirilir. Qurum Azərbaycan Milli Elm Fondu ilə əməkdaşlıq edir və əminik bu əməkdaşlıq daha da genişlənəcəkdir.
Səfir məlumat vermişdir ki, MTİF 1 milyon dollar dəyərində ikitərəfli qrant proqramı təklif etmişdir. Bu vəsaitin 500 min dolları MTİF, qalanı isə Azərbaycan hökuməti tərəfindən ayrılacaqdır.
Prezidentin İcra Aparatı humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun məruzələri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişafından asılıdır. Azərbaycan elminin dünyada gedən iqtisadi, elmi–texniki və texnoloji inkişafa uyğun olaraq inkişaf etdirilməsi ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün olduqca vacibdir. Müasir dövrdə cəmiyyətin inkişafı, hər şeydən əvvəl, elmi biliklərə əsaslanır və həyatın bütün sahələrində buna tələbat getdikcə artır. Bu da elmin inkişafını müasir dövrün ən aktual problemlərindən birinə çevirir.
Məruzələrdə Azərbaycan elminin inkişaf yollarından da bəhs edilmişdir.
Amerikalı mütəxəssislərin “Elm və ali təhsil”, “Elm və sənaye” mövzularında məruzələri də maraqla dinlənilmişdir.
Konfrans noyabrın 7-də başa çatacaqdır.