“Azərbaycanda hərb işi və hərb sənəti” adlı monoqrafiya çapdan çıxıb
Bakı, 22 dekabr, AZƏRTAC
Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda hərb işi və hərb sənəti” monoqrafiyası işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın müəllifi Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitabda Azərbaycanda hərb işinin qədim dövrlərdən XVI əsrədək tarixi və inkişaf mərhələləri işıqlandırılıb. Nəşrdə, həmçinin dövrün hərbi-siyasi tarixi, hərb sənətinin əsas xüsusiyyətləri xronoloji ardıcıllıqla əksini tapıb. Kitab çoxlu sayda illüstrativ materiallar - dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri yer alıb.
Ən qədim dövrlərdən XVI əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında indiyədək konkret-tarixi və konseptual baxımdan araşdırılmaması bu tədqiqat işinin möv-zu və məqsədlərini şərtləndirib.
Monoqrafiya Azərbaycanın ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də dəyərli mənbədir.