AZƏRBAYCANDA İNKLUZİV TƏHSİL SAHƏSİNDƏ QAZANILMIŞ UĞURLAR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Seminarda Azərbaycanı təhsil nazirinin müavini İradə Hüseynova və Bağça-məktəb-lisey kompleksinin direktoru Qafar Hüseynov təmsil etmişlər.
Azərbaycan nümayəndə heyəti “Xatın” abidəsini ziyarət etmiş, bir qrup ziyalı ilə görüşdə Xocalı soyqırımı haqqında məlumat vermişdir.
Belarus, Rusiya, Moldova, Ukrayna və digər ölkələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə inkluziv təhsillə bağlı ətraflı müzakirələr aparılmışdır.
İradə Hüseynova məruzəsində son illər ölkəmizdə inkluziv təhsil sahəsində görülən işlərdən, dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil problemlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyətindən danışmış, bu sahədə qanunverciliyə dair məlumat vermişdir.
Bildirilmişdir ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş Azərbaycanda inkluziv təhsilin məktəblərdə tətbiqi istiqamətində mühüm işlər görülür. Bu məsələ Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramının tərkib hissəsidir. Proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Əlaqələndirmə Şurası yaradıldığını bildirən nazir müavini, sənədin tətbiqi ilə bağlı ətraflı məlumat vermişdir.
Azərbaycan nümayəndə heyəti Belarus Diplomdan Sonra Hazırlıq Akademiyasının rektoru O.Tavden ilə görüşmüş, təhsil ocağının iş rejimi, əsas elmi-pedaqoji istiqamətləri, maddi-texniki bazası ilə tanış olmuşdur.
Seminar iştirakçıları Minskin Partizan rayonundakı Korreksiya Mərkəzində qayğıya ehtiyacı olan uşaqların vəziyyəti ilə tanış olmuşlar.
Seminarda inkluziv təhsillə bağlı problemlərin ümumiləşdirilməsi və vahid sənədin qəbul edilməsində İradə Hüseynovanın və Rusiya Elmlər Akademiyası Korreksiya Pedaqogikası İnstitutunun direktoru N.Malofeyevin düzəlişləri nəzərə alınmış, Azərbaycanın, Rusiyanın və Belarusun bu istiqamətdə təcrübəsi xüsusi vurğulanmışdır.
Azərbaycan nümayəndə heyəti yenicə istifadəyə verilmiş Respublika Kitabxanasında olmuş, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kitabları kitabxanaya hədiyyə etmişdir.
Belarus təhsil nazirinin müavini ilə görüşdə ölkələrimizin təhsil sahəsində qazandıqları nailiyyətlərdən danışılmış, Azərbaycan-Belarus nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Belarus Dövlət Universitetinin prorektoru ilə görüşdə isə Bakı Dövlət Universitetində aparılan elmi tədqiqatlar barədə məlumat verilmişdir.