“Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC, Kifayət Əliyeva). Mayın 2-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali məktəbin, “World Vision International” Beynəlxalq Humanitar Təşkilatı və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları xüsusi qayğıya ehtiyacı olan və inklüziv təhsilə cəlb edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
“Azərbaycan Müəllimlər İnstitutunun nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” layihəsi çərçivəsində təşkil edilmiş konfransın plenar iclasında AMİ-nin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Rahim Əzizov layihə barədə məlumat vermiş, inklüziv təhsilin əhəmiyyətindən, Azərbaycanda bu təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, layihə çərçivəsində artıq bir sıra mühüm fəaliyyətlər reallaşdırılmış, inklüziv təhsilə cəlb ediləcək pedaqoji kadrlar və sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları” mövzusunda 15 təlim keçirilmişdir. Azərbaycan Müəllimlər İnstitutunda İnklüziv Təhsil Mərkəzi yaradılmış və bütün lazımi əyani vəsaitlərlə təchiz olunmuşdur.
Bildirilmişdir ki, sağlamlıq imkanları məhdud olan uşaqların sağlam uşaqlarla birgə təhsil almaları problemli məsələdir. Belə bir imkanı yalnız inklüziv təhsil yarada bilər. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqram fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır.
Ölkəmizdə təhsilin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan danışan R.Əzizov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən olmuşdur. Hazırda təhsilin inkişafı Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaradılmışdır. 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir ki, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir.
Tədbirdə layihənin əlaqələndiricisi, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, professor Mayis Əliyevin “Əlilliyi olan şəxslərin təhsil hüquqlarının reallaşdırılması vasitəsi kimi inklüziv təhsilin hüquqi tənzimi problemləri” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrində təhsil siyasətinin prioritetlərindəndir. Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşması məqsədi daşıyır. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir.
Təhsil Nazirliyinin nəzdindəki de-institutlaşma və uşaqların müdafiəsi idarəsinin dövlət uşaq müəssisələri və alternativ xidmətlər şöbəsinin müdiri Həbib Kərimov “Inklüziv təhsil: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzəsində Azərbaycanda inklüziv təhsil sahəsində həyata keçirilən pilot layihələr və onların əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, hazırda ölkədə inklüziv təhsilə cəlb olunan uşaqların sayı üç minə yaxındır. İnklüziv təhsil sahəsi üçün kadrların hazırlanmasının vacibliyini qeyd edən H.Kərimov bu istiqamətdə görüləcək işlərdən söz açmış, Təhsil Nazirliyinin inklüziv təhsillə bağlı bütün təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırmışdır.
Daha sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında milli rəqslərimizdən nümunələr təqdim olunmuşdur.
Konfransın işi “Məktəbəqədər təhsil pilləsində inklüziv təhsilin təşkili”, “Tam orta məktəblərdə inklüziv uşaqlarla yaranan problemlər və onların həlli yolları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzrə görülməli işlər”, “İnklüziv təhsilə cəlb edilmiş uşaqlarla işləyən müəllimlərin təlim-tədris metodikası” bölmələrində davam etdirilmişdir.
Bölmə iclaslarında “Məktəbəqədər təhsil pilləsində inklüziv təhsilin təşkili”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailədə təlim-tərbiyə imkanları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili təcrübəsindən”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili” və digər mövzularda, ümumilikdə, 70-dək məruzə dinlənilərək müzakirə edilmişdir.
Konfransın materialları toplu şəklində çap olunmuşdur.