Azərbaycanda müalicəvi turizmin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda müalicəvi turizmin inkişaf istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə turizm və qonaqpərvərlik fakültəsinin dekanı, coğrafiya üzrə fəlsəfə doktoru Rəhman Səfərov müalicə turizminin fərqli xüsusiyyətləri və perspektivləri barədə məlumat verib.
“Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev müalicə turizminin üstünlükləri barədə danışıb, Azərbaycanın Naftalan və Duzdağ kimi müalicəvi turizm obyektləri ilə məşhur olduğunu diqqətə çatdırıb.
ATMU-nun mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və müəllimi Ədalət Musəvi bütün turizm istiqamətlərinin əslində sağlamlıq turizmi ilə birbaşa əlaqəli olduğunu qeyd ediblər.
Digər çıxış edənlər də Azərbaycanda turizm sənayesinin böyük perspektivləri olduğunu vurğulayıblar.