AZƏRBAYCANDA NOVRUZ BAYRAMI 5 GÜN QEYD OLUNACAQDIR
BUNUNLA ƏLAQƏDAR ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, ölkəmizin maliyyə-büdcə imkanları artdıqca əhalinin sosial müdafiəsi gücləndirilir. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanun layihəsi də elə bu məqsədə xidmət edir.
Məcəlləyə təklif olunan dəyişiklikdə Azərbaycan Respublikasının bayram günlərinin sayı artırılır. Belə ki, milli mənəvi dəyərlərimizlə bağlı olan Novruz bayramı üçün 5 gün, Qurban və Ramazan bayramlarının hər biri üçün 2 gün nəzərdə tutulur. Həmin bayramların keçiriləcəyi günlər hər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək əhaliyə elan olunacaqdır. Respublikamızda Yeni il bayramı da 2 gün qeyd ediləcəkdir.
Layihədə o da bildirilir ki, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab ediləcəkdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev yeni layihəni Azərbaycan qanunvericiliyinin növbəti mütərəqqi addımı kimi dəyərləndirmişdir.
Dövlət Müstəqilliyi günü (18 oktyabr), Konstitusiya günü (12 noyabr) və Milli Dirçəliş günü (17 noyabr) bayram günü olsa da, həmin günlər iş günü olacaqdır. Bəzi deputatlar 12 noyabr - Konstitusiya gününün mövcud qaydada saxlanılmasını, yəni iş günü hesab edilməyən bayramlar sırasında qalmasını təklif etmişlər.
Deputatlar Əmək Məcəlləsinə təklif olunan dəyişiklikləri müsbət qiymətləndirmiş və layihə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.