AZƏRBAYCANDA ONLARLA TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB MÜVAFİQ ÖLKƏLƏRƏ TƏHVİL VERİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan nazir, İnterpolun Baş Katibliyi tərəfindən həyata keçirilən “Kalkan” layihəsinin işçi qrupunun ikinci görüşündə iştirak edən Lubutana Daxili İşlər Nazirliyinin strukturu, fəaliyyət istiqamətləri və kriminogen durumla bağlı ətraflı məlumat vermişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğalı, bir milyondan artıq soydaşımızın ata-baba yurdlarından didərgin salınması, müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr, bütün bunların kriminogen duruma təsiri, xaos və anarxiyanın Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoyması və nəhayət, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, görülən tədbirlər nəticəsində əldə edilən uğurlar, o cümlədən kriminogen durumun nəzarət altına alınması qonağın diqqətinə çatdırılmışdır.
Nazir vurğulamışdır ki, bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan əsaslı islahatlar aparılmış, polisin fəaliyyətini tənzimləyən yeni Qanun Avropa standartlarına uyğunlaşdırılmaqla və Avropa Şurası ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmişdir.
General-polkovnik Ramil Usubov polisin xidməti fəaliyyətində üzləşdiyi problemlərə toxunaraq, son illər mütəşəkkil transmilli cinayətkarlığın yayılmasının qlobal xarakter almasını, onun ayrı-ayrı növlərindən, xüsusən terrorizmin hər cür təzahürlərindən və narkotik qaçaqmalçılığından ölkəmizin də əziyyət çəkdiyini təəssüflə bildirmiş, digər hüquq mühafizə orqanları ilə birlikdə respublika ərazisində onlarla terrorçunun zərərsizləşdirilib müvafiq ölkələrə təhvil verildiyini diqqətə çatdırmışdır.
Jan Mişel Lubutan görüşə və “Kalkan” işçi qrupunun ikinci görüşünün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bu layihə Mərkəzi Asiyada və qonşu ölkələrdə terrorçuluq problemlərini-terror təşkilatlarında üzvlük, terrorçuluğun maliyyələşdirilməsi, terror təşkilatlarının üzvləri tərəfindən istifadə olunan oğurlanmış və saxta sənədlər, terrorçuların təlim düşərgələrinin təşkilatçıları və digər məsələləri əhatə edir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.